TQDK-nın 2 manatlıq ödəmə kartı 5 manata satılır
Xəbər verildiyi kimi, martın 31-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008/2009-cu tədris ili üçün Azərbaycan ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbuluna başlayıb. Komissiyanın saytının dünən yaydığı son məlumata görə, aprelin 4-də 3000 abituriyent internetlə "Elektron ərizə" doldurub. Bir gün əvvəlki məlumat isə 1400 idi.
Onu da bildirək ki, ötən günkü müşahidələrimiz zamanı sənəd qəbulunun ilk günlərindən fərqli olaraq dünən TQDK-nın saytı yaxşı işləyirdi. Yəni, ərizələrin qəbul olunduğu bölümə (www.tqdk.gov.az/ali2008) daxil olaraq "Elektron ərizə" doldurmaq əvvəlki günlərə nisbətən asan idi. Bununla belə, sənəd qəbulu ilə bağlı xoşagəlməz xəbərlər gəlməkdə davam edir. Belə ki, bir qrup abituriyent və valideynlərin qəzetimizə verdiyi məlumata görə, paytaxtdakı rayon poçt şöbələrində TQDK-nın 2 manatlıq ödəmə kartı 5 manata və daha baha satılır. Düzdür, ötən gün söhbətləşdiyimiz valideynlərdən biri ödəmə kartını dövlət qiymətinə - 2 manata (Abşeron rayon poçt şöbəsindən) aldığını dedi. Lakin əksər abituriyentlər ödəmə kartlarını 5 manata aldığını bildirir. Ödəmə kartının 5 manata satıldığı ünvanlardan biri Binəqədi rayonundakı poçt şöbəsidir. "Çudo-Peçka" ilə üzbə-üz yerləşən həmin poçt şöbəsinə yollanıb "ödəmə kartının qiyməti neçəyədir?" sualını verdik. Lakin şöbədən bildirdilər ki, "ödəmə kartı qurtarıb, sabah olacaq".
Maraqlıdır ki, kartı baha qiymətə alan abituriyent və valideynlər də poçt şöbələrinə ilk girişdə "kart qurtarıb, sabah olacaq" cavabını aldıqlarını bildirirdi: "Lakin sonradan oradakı şəxslərdən biri deyir ki, istəsəniz sizə öz kartımı sata bilərəm". Bundan sonra isə "qoçaq" poçt işçisi ödəmə kartını əlacsız qalan valideynə satır. Bakıda ödəmə kartları ilə bağlı bu cür oyunlar quraraq onu baha qiymətə satdıqlarını göz önünə gətirəndə bölgələrdəki vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil.
Yeni qazanc mənbəyi
TQDK sədri Məleykə Abbaszadə bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, təxminən 100 min nəfər abituriyentin sənəd verəcəyi gözlənilir. Heç olmasa 80 min ödəniş kartının 5 manata (böləgələrdə qiymət daha baha ola bilər) satılacağını nəzərə alsaq, kartın öz satış qiymətindən əlavə 240 min manat "gəlir"in olacağını güman etmək olar. Bəs bu 240 min manat hara, daha doğrusu kimə çatacaq? Bu sualların cavabını axtarmaq üçün əlaqədar hökumət qurumlarına, o cümlədən TQDK-ya telefon açsaq da, səylərimiz nəticəsiz qaldı. TQDK ictimaiyyətlə əlaqələr sektorunun 440-30-09 saylı telefonu gün ərzində zənglərə cavab vermədi. Belə ki, nömrə faksa qoşulmuşdu. Nəzərə alsaq ki, bu telefon nömrəsi "Abituriyent" jurnalının bütün aylarında abituriyentlər və onların valideynlərinin zəng vuraraq sual verməsi üçün nəzərdə tutulub, onda vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu görmək o qədər də çətin deyil. Məsələ burasındadır ki, əksər hallarda sözügedən telefon nömrəsi məşğul olur. Bu isə yüzlərlə valideyn və abituriyentin TQDK-ya sual ünvanlamasına imkan vermir.
TQDK ölkədə bəlkə də ən şəffaf qurumdur. Qurumun sədri isə keçirdiyi mətbuat konfranslarında mövqeyindən asılı olmayaraq bütün KİV-ləri dəvət edir. Lakin bunların fonunda TQDK-nın ictimaiyyətlə əlaqələr sektorunun faktiki işləməməsi çox təəssüfləndiricidir. Axı bu şöbə ictimaiyyətin və ictimaiyyətin tərkib hissəsi olan mətbuatın suallarını cavablanlırmağa borcludur. Bəlkə dövlətdən maaş alaraq TQDK-nın inzibati binasına dincəlməyə gedirlər?
Yeri gəlmişkən, ötən gün ödəniş kartları ilə bağlı suallarımız olduğunu TQDK-nın e-mailinə də yazdıq, lakin heç bir cavab verilmədi. TQDK-dakı aidiyyatı şəxslərin nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda "İnformasiya əldə etmək haqqında" qanun mövcuddur. Həmin qanuna görə informasiya sahibləri qanunvericiliklə qorunması nəzərdə tutulmayan informasiyaları ictimaiyyətə (təbii ki, həm də mətbuata) verməyə borcludur. Əks halda qarşı tərəf (indiki halda biz) məhkəməyə müraciət edə bilər. Bir müddət əvvəl jurnalistlərdən birinin sözügedən qurumu məhkəmədə udduğunu nəzərə alanda, TQDK-nın növbəti dəfə məhkəmədə uduzmaq "şans"ının çox olduğu görünür.
Sənəd qəbulu proseduru qəlizləşdirilib
İndi isə bir daha TQDK-nın yeni qəbul qaydalarına qayıdaq. Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu ölkənin bütün təbəqələrini, bütövlükdə cəmiyyəti əhatə edən bir prosesdir. Hər il Azərbaycanda elə adam tapılmaz ki, onun ailəsindən, ən azı qohumlarından biri sənəd verməsin. Belə bir məsələni - sənəd qəbulu prosedurunu qəlizləşdirərək indiki səviyyəyə çatdıran TQDK başbilənləri əhaliyə nə qədər zərbə vurduğunu deyəsən anlamırlar. Ya da anlayırlar, ancaq nəzərə almırlar ki, bu ölkədə (xüsusən də bölgələrdə) abituriyentlərin böyük əksəriyyəti kompüterdə işləməyi bilmir, o ki, ola "Elektron ərizə" doldursun. Təhsil Nazirliyinin milyonlarla dollar pul xərclədiyi deyilən İKT proqramları isə gözlənilən effektin heç 50 faizini də verməyib. Ölkənin demək olar ki, bütün bölgələrində (xüsusən də kənd yerlərində) sutkanın yarısı qədər elektrik enerjisi verilmir. Özü də işıqlar əsasən axşam və səhər saatlarında yanır. Məktəblərdə isə dərslər gündüz vaxtları keçilir. Rayonlarda şagird evdən çıxanda, uzaqbaşı məktəbə çatanda işıqlar sönmüş olur. İşığı yanmayan məktəblərdə uşaqlar İKT biliklərinə nə dərəcədə yiyələnə bilərlər? Hətta işıq yansa da belə, orta məktəblərdə şagirdlərə İKT biliklərini öyrədəcək müəllimlərin sayı yetərincə deyil. Təhsil Nazirliyinin orta məktəblərə payladığı kompüterlərin keyfiyyətini də bunun üzərinə gəlsək onda görərik ki, sıravi Azərbaycan məktəblisinin İKT bilikləri hansı səviyyədədir.Bir sözlə, abituriyentlər "Elektron ərizə" verməyə hazır deyil. Bəs onda TQDK niyə sənəd qəbulunu internetlə aparır və bir neçə mərhələdən ibarət edib? Hələ qəbulun bu formada keçiriləcəyi xəbəri ilk dəfə yayılanda qəzetimizə bu barədə şərh verən ekspertlər bildirirdi ki, bu, TQDK sədrinin qabaqlayıcı addımıdır. Yəni, heç də Məleykə Abbaszadənin özünün son olaraq dediyi "bu, Azərbaycanda "Elektron hökumət"in qurulması üçün ilk addımlardan biridir" kimi deyil". Söhbət ondan gedir ki, hələ parlament müzakirəsində olan "Təhsil haqqında" qanun layihəsindən ali məktəblərə tələbə yerləşdirilməsinin TQDK-dan alınaraq ali məktəb rektorlarına veriləcəyi gözlənilir. Düzdür, "Xalq Cəbhəsi" olaraq dəfələrlə yazmışıq ki, bu, qətiyyən düzgün deyil. Bu, korrupsiyaya geniş yol açan bir addım olardı. Bəlkə də sənədlərin "Elektron ərizə" şəklində qəbul edilməsinin bizim bilmədiyimiz tərəfləri də var. Lakin hazırda görünən odur ki, abituriyentlər bundan əziyyət çəkir.
"Bilmirəm ki, elektron ərizəni necə doldurum?"
Yazını çapa hazırlayarkən "Azadlıq" radiosunun saytında bu mövzu ilə bağlı yazı gördük. Yazıda qeyd olunur ki, sənədlərin elektron variantda qəbulu problemlər yaradıb. Yazıda xatırladılır ki, elektron ərizələrin doldurulmasından qabaq abituriyentlər 2 manat verib ödəniş kartı almalıdır. Həmin kartda yazılmış kod abituriyentin elektron ərizəni əldə edə bilməsi üçün bir növ açardır. Amma hər şey əslində deyildiyi qədər də sadə deyil. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısına toplaşan bir qrup valideyn və şagird gah ödəniş kartlarının baha satılmasından, gah da internetdən istifadə edə bilmədiklərindən şikayətlənirdilər. Bu, ayrı-ayrı abituriyentlərin fikirləridir:
- Sinif yoldaşlarımın 20 faizi internetdən istifadə edə bilir. Mən indiyə kimi məktəbdə internetin qabağında oturmamışam, 11-ci sinif şagirdiyəm. Müəllim deyir ki, internet qoşulmayıb, usta gəlib düzəldəcək. Heç müəllimin özü də bilmir, mən ondan yaxşı bilirəm.
- Kartın üstündə 2 manat yazılsa da, çox vaxt 3 manata satılır.
- Bakıda internetin sürəti çox aşağıdır, həm də çox adam saytlara girir deyə yüklənmə var. Günorta mümkün deyil, ona görə də gecə saat 2-3-də girirəm.
- Bilmirəm ki, elektron ərizəni necə doldurum.
Radionun TQDK-nın binası qarşısında söhbətləşdiyi adamlar deyiblər ki, regionlarda internetin sürəti daha da aşağıdır.
TQDK-nın nümayəndəsi Elnur Nağızadə isə deyib ki, "Elektron ərizə" qaydası əskinə, abituriyentlərin işini rahatlaşdırıb. Onun sözlərinə görə, eyni zamanda şagirdlər üçün telekommunikasiya qovşaqlarında, poçtlarda da şərait yaradılıb ki, onlar internetdən pulsuz istifadə edə bilsinlər.
TQDK-nın qarşısında duran bir yaşlı qadınınsa şikayəti internetdən yox, həftənin sonuna sınaq imtahanı üçün aldığı kartın saxta çıxması ilə bağlı olub: "Evdə kompüterimiz var, kartı yüklədik, məlum oldu ki, artıq istifadə edilib. Camaatın milyonu yoxdur ki, hər dəqiqə 6 manat verib kart alsın". TQDK-nın şöbə müdiri Arzu Bağırov isə saxta və ya istifadə edilmiş kartların satılmasını birmənalı şəkildə qəbul etmir: "Elə şey ola bilməz, bu məsələ ilə bağlı bizə yaxınlaşıb müraciət etsinlər, araşdıraq". İnternetin sürətinə gəlincə, TQDK rəsmisi bunun ötəri olduğunu, 1-2 dəqiqə çəkdiyini, regionlarda isə belə bu problemin yaşanmadığını deyib...
Açar sözlər:


