Ömər Qoçulu: "İşıqlandırma dirəyinin on metr hündürlüyündə sarmaşığın qoyulması nə deməkdir?
Son günlər mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyəti ciddi şəkildə müzakirə olunur, iradlar geniş formada qəzet, internet səhifələrində özünə yer alır. Gah BŞİH-nin üstündə asılan bayrağın cırılaraq dövlətçiliyimizə yaraşmayan hərəkətlərdən, gah küçələrdə yerləşən işıq dirəklərinin üst təbəqəsinə qoyulan dibçəklərdən və onların suvarılmasının qeyri-mümkünlüyündən, gah da merin səlahiyyətlərinin azaldılmasından bəhs olunur.
Bir sözlə merin və BŞİH-nin fəaliyyəti hazırda gündəmə girən əsas məsələlərdən biridir. Vaxtilə Bakı şəhərinin baş memarı olmuş, Azərbaycanın əməkdar memarı Ömər Qoçulu ilə də son günlər gündəmə gələn məsələləri aydınlaşdırmağa çalışacağıq. Ömər Qoçulunun sözlərinə görə, Bakı bu gün inkişaf etsə də, problemlər də onunla birgə böyüyür. "Bakının taleyi, memarlıq görkəmi, gələcək inkişaf perspektivləri ilə həmişə məşğul olmuş bir insan kimi deyə bilərəm ki, baş şəhərimizin həm gözəlliyi, həm memarlıq görkəmi, həm də qayğıları bu gün məni düşündürür. Şəhərin hər hansı guşəsində abadlıq işləri, hansısa yeni istifadəyə verilən bulaq, yaşıllıq görəndə mən sevinirəm. Amma görülən tədbirlərin kortəbii olması, peşəkarcasına aparılmaması məni təəssüfləndirir. Şəhərimizin "Bakı-2005" adlı baş planı var idi. O baş plan uzun müzakirələrdən, gərgin axtarışlardan sonra ərsəyə gəlmişdi. Həmin planda şəhərin gələcək memarlıq üsulu, problemləri və başqa perspektivləri göstərilmişdi. Mən deyərdim ki, baş plan şəhərin ana yasasıdır. Həmin anayasa, yəni baş plan gələcəyə ismarlanan bir plan olaraq gələcəkdə ortaya çıxa biləcək problemləri önləmək üçün lazım olan sənəd idi. Nə yazıq ki, həmin sənədə bu gün tam etimadsızlıq görürəm. Təəssüflər olsun ki, həmin sənəd bu gün unudulub, bir kənara atılıb. Biz Bakı şəhərində ucalan göydələnlərin sayı ilə əlbəttə ki, sevinməliyik. Amma onu deməliyəm ki, hər şey sistemli, düşünülmüş olarsa, problemlərin qarşısını daha tez almaq olar. Bu gün şəhərin ən böyük problemlərindən biri kanalizasiya problemidir. 20-30 il bundan qabaq biz Bakının böyük kanalizasiya sistemini tikdik. Amma son illərdə gündən-günə ucalan çoxmərtəbəli göydələnlərin kanalizasiya problemləri getdikcə çoxalır. Kanalizasiya tələbatı bu günü ödəmir. Məsələ bina tikməyə icazə verməklə bitmir, onun sonrasını düşünmək lazımdır. Qışda qar yağanda Bakı iflic vəziyyətinə düşdü. Meriya bir-iki küçəni təmizləməklə işini bitmiş hesab etdi, qalan küçələrdə isə sanki həyat dayandı. Bakı şəhərində bu gün yaşıllıqlar salınır, yeni yollar açılır, yeni körpülər tikilir. Bununla şəhərimiz günü-gündən memarlıq palitrasını daha da zənginləşdirir. Şəhərin yaşıllığı onun ciyərləridir. Şəhərdə yeni ağacların əkilməsi kampaniyası aparıldı. Amma gəlin görək əkilən həmin ağacları sonradan qorudularmı? Dünən əkilən fidanlar bu gün gül açırmı və ya torpağa sancılan ağaclar sonra yaşayırmı? Əlbəttə ki, qayğısızlıq nəticəsində onlar məhv olur. Bir vaxtlar şəhərimizin şəninə uyğun olaraq "Bakı gecələri" adı altında şeirlər yazılırdı, filmlər çəkilirdi. Bu gün həmin gecələrdən əsər-əlamət qalmayıb. Düzdür, şəhərin gecə işıqlandırılması istiqamətində son vaxtlar ciddi işlər görülür. Memarlığın "memarlıq və işıq" adlı qolu da var. Amma gəlin görək ki, gecə işıqlandırılması sistemli aparılırmı? Yaxud bu işə memarlar cəlb olunurmu? Hansı ki, memarlar bu işdən kənarda qalmamalıdır və şəhərin baş planına uyğun olaraq işıqlandırma aparılmalıdır. Mən tam məsuliyyətimlə deyirəm ki, Bakı şəhərinə rəhbərlik edən və bu böyüklükdə təsərrüfatın başında duran şəxs mütləq ya incəsənət adamı, ya memar, ya da şəhərsalan olmalıdır. Adi bir misal çəkim ki, işıqlandırma dirəyinin on metr hündürlüyündə sarmaşığın qoyulması ilə, harda gəldi fəvvarə qoyulmaqla, hər hansı parkda gül-çiçək əkməklə Bakı şəhərinin nə memarlığı, nə ümumi görünüşü, nə də illərdən bəli dillərdə gəzən yaraşığı öz mövqeyində otura bilməz". Ömər Qoçulunun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti vacib olan tədbirləri bəzən necə gəldi edir və bununla da şəhərin baş planına, onun keçmişinə, gələcəyinə, bir sözlə memarlığına zərbə vurur.
Açar sözlər:

