Asim Mollazadə siyasi məhbuslar üzrə məruzəçi təyin olunacağına inanmır
"Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana siyasi məhbus məsələləri üzrə məruzəçi təyin etməyəcək". Müxalifətdə təmsil olunan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sabiq üzvü, millət vəkili Asim Mollazadə bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına ölkə daxilində üzləşdikləri haqsızlıqların aradan qaldırılması məqsədi ilə hüquqi müstəvidə mübarizə aparmaq üçün gözəl imkan yaradılıb. Hər bir vətəndaş ölkədəki məhkəmə instansiyalarını keçdikdən sonra hüquqlarının müdafiəsi üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququna malikdir.
Bu baxımdan, özlərini siyasi məhbus hesab edən vətəndaşlar da AŞ PA-ya yox, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidirlər. A.Mollazadənin fikrincə, AŞ PA Azərbaycanda siyasi məhbus məsələsinə baxarkən bu məqamı mütləq nəzərə alacaq. Onun sözlərinə görə, bu məsələdə Azərbaycanın xeyrinə olan məqamlardan biri də hakimiyyət təmsilçilərindən və hüquq müdafiəçilərindən ibarət müvafiq işçi qrupunun yaradılmasıdır. Bu qrup çərçivəsində insan hüquqlarının pozulması ilə bağlı meydana çıxan problemlər hakimiyyət nümayəndələrinin iştirakı ilə araşdırılır və onların həllinə yardım edilir. İşçi qrupunda hər bir konkret halla bağlı iş aparılır, faktlar dəqiqləşdirilir. A.Mollazadə hesab edir ki, bu sahədə meydana çıxan problemlərin həlli üçün sözügedən işçi qrupu bundan sonra da fəaliyyətini aktiv şəkildə davam etdirməlidir. Onun sözlərinə görə, ölkədə meydana çıxan hər hansı problemin Avropa Şurasından göndəriləcək məruzəçi ilə həll edilməsinə çalışmaq düzgün yol deyil. "Azərbaycanın problemi Azərbaycanda həll olunmalıdır. Mən Avropa Şurasına islah əmək müəssisəsi, hansısa cəzalandırıcı orqan kimi baxılmasının tərəfdarı deyiləm" - deyə millət vəkili vurğuladı.
O əlavə etdi ki, Avropa Şurasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Buna görə də rəsmi Bakı həmişə bu təşkilatla əməkdaşlığa xüsusi önəm verib. Hazırda da Azərbaycan-Avropa Şurası əməkdaşlığı davam edir. Millət vəkilinin fikrincə, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bir neçə prinsipial istiqamətdə inkişafa nail ola bilib: "Hesab edirəm ki, bundan sonra da bu proses davam edəcək. Avropa Şurası ilə əməkdaşlıq etməklə biz yalnız inkişafa nail ola bilərik". Bütün bunları nəzər alan A.Mollazadə hesab edir ki, AŞ PA-da Azərbaycanla bağlı keçiriləcək müzakirələrdə hər hansı gərginlik yaşanmayacaq və təşkilat hansısa sərt qərarlar qəbul etməyəcək.
DİP sədri əmindir ki, son vaxtlar Azərbaycanda yurnalistlərlə bağlı yaşanan problemlər də AŞ PA-da ciddi problem yaratmayacaq. Onun sözlərinə görə, söz və mətbuat azadlığı Avropanın xüsusi önəm verdiyi prinsiplərdəndir. Amma rəsmi Bakı da daim ölkədə söz azadlığının təmin edilməsi üçün davamlı iş aparır. Bu istiqamətdə Avropa Şurası ilə də əməkdaşlıq edilir. Millət vəkili əmindir ki, Azərbaycan hökuməti gələcəkdə də öz fəaliyyətini bu prinsip üzərində quracaq.
DİP sədri qarşıdan gələn prezident seçkiləri ərəfəsində bəzi xarici qüvvələrin Azərbaycana təzyiqləri artıracağını da istisna etmir. Onun sözlərinə görə, Azərbaycanın müstəqil dövlət kimi Avroatlantik məkana inteqrasiya yolu seçməsi müəyyən qüvvələr tərəfindən qısqanclıqla qarşılanıb. Buna görə də onlar imkan düşən kimi Azərbaycana problem yaratmağa çalışacaqlar. Eyni zamanda, Ermənistanın təbliğat maşını da daim Azərbaycana qarşı iş aparmaqdadır. Ermənilər bütün vasitələrdən istifadə etməklə Azərbaycanın beynəlxalq aləmdəki imicinə ləkə vurmağa çalışırlar. A.Mollazadə bütün bu təzyiqlərin dəf ediləcəyinə əmindir. Onun sözlərinə görə, artıq Azərbaycan kifayət qədər güclüdür. Bundan əlavə, ölkənin ciddi müttəfiqləri və tərəfdaşları da var. "Buna görə də xarici qüvvələrin Azərbaycana qarşı təzyiqlərinin hansısa nəticə verəcəyinə inanmıram" - deyə millət vəkili vurğuladı. Onun fikrincə, Azərbaycanda keçiriləcək prezident seçkiləri də heç bir gərginlik müşahidə olunmadan başa çatacaq. Son seçkilərdən sonra Gürcüstanda və Ermənistanda baş verən proseslərin Azərbaycanda təkrarlanması istisna edilir. Çünki Cənubi Qafqazdakı ölkələrin özünəməxsus reallıqları və özəllikləri var. Millət vəkilinin fikrincə, Azərbaycandakı vəziyyət heç bir halda Ermənistandakı və Gürcüstandakı vəziyyətlə müqayisə oluna bilməz. Azərbaycan bir çox məsələdə qonşularını xeyli qabaqlayıb.
Açar sözlər:

