Mirmahmud Mirəlioğlu: "Şəxsi nəfsini öldürməyi bilən insanlar əsl millət vəkili hesab edilməlidir"
- Ölkədə nə vaxt müharibə elan edilərsə, partiyalar fəaliyyətini dondurmağa hazırdır...
Prezident seçkiləri parlament seçkilərini və ya tərsinə parlament seçkiləri prezident seçkilərini əvəz etsə də, müxalifət yenə də öz ampluasından çıxa bilmir. Yenə də seçki ərəfəsində köhnə məsələlər qabardılır və daxili ambisiyalar öz işini görür. Elə "Yeni Müsavat" qəzetinin son sayında reallaşan Əvəz Temirxanla Pənah Hüseynin debatı da bunu deməyə əsas verir. Debat zamanı söhbətin xeyli hissəsi kiminsə saxta mandat alıb-almamasından və ya ondan imtina edib-etməməsindən gedir. Azərbaycan təcrübəsində ilk dəfə olaraq deputat mandatından imtina edən KAXCP-nin sədri Mirmahmud Mirəlioğlu ilə hələ də davam edən mandat söhbətindən və müxalifətin hazırkı durumundan danışacağıq.
- Əslində mandat məsələsi sırf şəxsi məsələ deyil. Düzdür, bir mandat bir şəxsin olur. Amma söhbət Milli Məclisin üzvü olan millət vəkilinə verilən mandatdan gedirsə, o zaman mandat əsl millətin vəkilinin mandatına çevrilməlidir. İnsan 5 il müddətində millət vəkili olmaqla işini bitmiş hesab etməməlidir. Türkiyə Cümhuriyyətində olduğu kimi olsa, daha yaxşıdır. Türkiyədə biri növbəti dəfə seçilməsə, həmin adama əski millət vəkili deyirlər ki, bu da hardasa həmin insanın məsuliyyətini azaltmır. Kimin payına millət vəkili olmaq düşürsə, hesab edirəm ki, həmin vəkillik birinci gündən ölənə qədər onun boynunda məsuliyyət olmalıdır. Eyni zamanda, bu məsuliyyət firqə təəssübkeşliyindən üstün olmalıdır. Yəni partiya mənsubiyyətinin fövqündə dayanmağı bacaran insanlar, şəxsi nəfsini öldürməyi bilən insanlar əsl millət vəkili hesab edilməlidir. Bizdə isə bu məsələlər qatışıqdır və bir az da başqa cürdür. Azərbaycanda mandatın tərifi, ona münasibət ayrı-ayrıdır və kim necə istəyir, o cür də millət vəkili olmağı düşünür. Yəni Azərbaycanda mandata 125 cür münasibət var.
- Azərbaycanda mandata münasibət fərqli olduğu kimi, seçkilərə də münasibət fərqlidir. Biri boykotu, digəri seçkiyə qatılmağı düşündüyü halda bir başqası başqa namizədi dəstəkləməyi düşünür. Özü də perspektivi görmədiyi halda. Sizcə, indiki halda müxalifətin seçkiyə yanaşması düzgündürmü?
- Seçkiyə münasibət formasının necə olmasından asılı olmayaraq əsas məsələ seçkinin ədalətli və demokratik olmasıdır. Əgər mahiyyət və məzmunda azad və ədalətli seçki keçirmək olmayacaqsa, məsələlər getdikcə qəlizləşəcək. İndi doğrudan da 5 il bundan əvvəlki seçki mühiti yoxdur. Yəni 5 il bundan əvvəlki münasibət bu dəfə olmayacaq. İllər də dəyişib, münasibət də. Eyni zamanda, partiyaların təcrübəsi də artıb. Ola bilər ki, kimsə seçkiyə tək gedəcək, kimsə hansısa formada özünə vahid namizəd tapacaq və ya komanda şəklində seçkiyə qatılacaq. Hesab edirəm ki, bütün hallarda 2008-ci ilin prezident seçkilərinin nəticəsi ilk olaraq Azərbaycanın daxilində tanınmalıdır. Yəni hansısa müxalifət partiyası əvvəlcədən öz gücünü bilirsə və rəsmi nəticələr hardasa onun öz beynində formalaşan nəticələrlə uzlaşırsa, o zaman cığallıq edib nəticələri tanımamaq lazım deyil. Eyni zamanda elə nəticələr açıqlanmalıdır ki, hamı onu tanısın və ya razılaşsın.
- Demokrat, Müsavat və digər üç partiya daxil olmaqla 5 partiya blok yaratmaq niyyətindədirlər və rəsmən 5 illik müqavilə bağlamağı düşünürlər. Sizcə, bir-birlərinin namizədini dəstəkləməyə razı olmayan bu beş partiyanın bloku uğurlu olacaqmı?
- Biz blok nümunəsini bu yaxınlarda ortaya qoyduq. Yəni Demokratik Seçki Mərkəzi formalaşdırdıq və ora həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda qalan partiyalar daxil oldu. Maraqlısı ondan ibarətdir ki, məhz bu partiyaların bir arada olması təkcə 2008-ci il prezident seçkilərinə hesablanmayıb. Konkret olaraq bu birlik prezident seçkiləri ərəfəsində yaransa da, həm də qarşıdan gələn bələdiyyə və parlament seçkilərini hədəfə götürüb. Əgər beşlər də məsələyə bu formada təmiz və saf yanaşsalar, niyyətləri uğurlu ola bilər. Nəzəri baxımdan hər şey mümkündür. Amma praktik baxımdan məsələ o qədər də sadə görünmür. Çünki bu məsələdə hər kəsin qarşısına götürdüyü öhdəlik və əsasnamə əsas rol oynayır ki, bu da məsələni qarışdırır.
- Müxalifətin zəif olduğu hamıya bəllidir. Ona görə də cəmiyyətdə belə fikirlər seçki ərəfəsində daha çox səslənir ki, əgər müxalifət partiyaları zəifdirsə, niyə bunu boynuna alıb fəaliyyətlərini dondurmurlar?
- Bu, razılaşması mümkün olmayan bəsit bir fikirdir. Əgər siz məndən müsahibə alırsınızsa və biz ikilikdə söhbət ediriksə, o zaman sualları verən şəxs kimi sizin, cavab verən şəxs kimi isə mənim üzərimə hardasa məsuliyyət düşür. Yəni siz mənim cavablarıma, mən isə sizin suallarınıza görə məsuliyyət daşımasaq da, düşünürəm ki, əsas məsələyə oxucu qiymət verəcək. Ona görə oxucu da yaxşı bilir ki, "Azərbaycan müxalifəti gücsüzdür və niyə fəaliyyətini dondurmur" demək düzgün olmazdı. Bu məsələdə hər şeyi müxalifətin üstünə atmaq yanlışdır. Biz cəmiyyət olaraq, ölkə olaraq zəifik. Əgər biz güclü dövlət və ya güclü cəmiyyətiksə, onda nəyə görə torpaqlarımızın 20 faizi əlimizdə deyil? Və ya biz dövlət, cəmiyyət olaraq güclüyüksə, onda nə üçün bizi ATƏT, İFES dialoqa çağırır, masa arxasında əyləşdirməyə çağırır. Biz həddən artıq zəifik. Və bu həddən artıq zəif olan cəmiyyətin, məmləkətin zəncirlərindən bir halqası da müxalifətdir. Təbii ki, cəmiyyət zəifdirsə, onun müxalifəti də zəif olmalıdır. Sadəcə olaraq imkanları az, məsuliyyəti çox olduğuna görə bu zəiflik müxalifətdə daha çox görsənir. Bir seçkidə müxalifətin hansısa qanadı ilə işləyib, onları şirnikləndirib, ələ alıb mandat verirlər, digər seçkidə isə onları atıb başqalarının əlindən tuturlar. Nəticədə isə müxalifət itirir və zəifləyir. Ümumi halda müxalifətin fəaliyyətini o zaman dondurmaq olar ki, Azərbaycanda hansısa bir gün məsələn, saat 10:00-dan və ya 12:00-dan müharibə vəziyyətini dövlət başçısı elan etsin. Yəni səfərbərlik edilsin və biz də həmin andan etibarən bildirək ki, fəaliyyətimizi dondururuq və verilən sərəncama, yaxud fərmana tabe oluruq. Yalnız bu zaman müxalifətin fəaliyyətini dondurmasından danışmağa dəyər. Qalan söhbətlər siyasi söz gəzişmələridir.
- Rəhbərlik etdiyiniz təşkilatın mərhum sədri Elçibəy Azərbaycan dövlətini, cəmiyyətini, millətini ən uca adlandırırdı. Siz isə bunun əleyhini deyirsiniz. Bu təzadlı fikirlər nəylə bağlıdır?
- Qətiyyən fikirlərdə təzad olmadı. Mən millətdən danışmadım. Mən cəmiyyətdən danışdım. Söhbət millətdən getmir. Millət və cəmiyyət ayrı-ayrı müstəvidə olan məsələlərdir. Bəli, yenə deyirəm, biz cəmiyyət olaraq, ölkə olaraq bir çox ölkələrdən zəifik. Mən dediklərimin məsuliyyətini daşıyıram. Biz cəmiyyət olaraq hüquqlarımız uğrunda guya mübarizə aparırıq. Əslində isə biz vəzifələrimizi bilmirik. Bu məsələ sizin qəzetdə gedəndən sonra polemikaya çıxanlar olacaq və mən məmnuniyyətlə onları dinləyib fikirlərimi əsaslandırmağa hazıram.
Açar sözlər:

