Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru belə deyib
"Türkiyə Ermənistanla münasibətləri yeni müstəviyə keçirməyə çalışır" - Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan bu iddia ilə çıxış edib. Dünən jurnalistlərin suallarını cavablandıran professor bu fikrini Türkiyə prezidenti Abdulla Gülün Ermənistanın yeni seçilmiş dövlət başçısı Serj Sarkisyanı bu posta seçilməsi münasibətilə təbrik etməsi ilə əsaslandırıb. "Abdulla Gülün Serj Sarkisyana ünvanladığı təbrik məktubunda bir neçə yeni məqam əksini tapıb və bu göstərir ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması üçün ciddi addımlar atır".
Bununla yanaşı, R.Safrastyan hesab edir ki, Ermənistanda keçirilmiş prezident seçkisindən sonra yaşanan faciəvi hadisələr həm Türkiyə mətbuatında, həm də analitik mərkəzlərdə Ankara - İrəvan münasibətlərinə də yanaşmanı dəyişib:
"Türkiyənin aparıcı strateji tədqiqatlarından biri Abdulla Gülün Serj Sarkisyana təbrik ünvanlamasını vaxtından əvvəl atılmış addım sayıb. Yerli mətbuat isə Ermənistanda baş verənləri rəngli inqilab kimi təqdim edərək yerli hökuməti İrəvanla bağlı məsələdə gözləməyə çağırıb".
Ekspert hesab edir ki, bütün bunlarla yanaşı, Türkiyənin münasibətləri dəyişmək istəyində olması "ortadadır". "Avropa Parlamentinin türk deputatlarından biri bildirib ki, Ankaranın Ermənistana münasibəti prezident Gülün son addımından qaynaqlanaraq formalaşdırılmalı, son günlər yerli mətbuatda dərc olunanlar ona təsir etməməlidir", - deyə R.Safrastyan bildirib. O hesab edir ki, yaxın zamanlarda Türkiyənin Ermənistanla bağlı siyasəti iki istiqamətdə aparılacaq: "Bir tərəfdən Türkiyə Gülün məktubuna əsasən münasibətlərin normallaşması üçün yollar axtaracaq, digər yandan isə Ermənistana informasiya təzyiqi davam etdiriləcək. Söhbət Türkiyə mətbuatında Dağlıq Qarabağda Kürd Fəhlə Partiyasının hərbi bazalarının yerləşdirilməsinə dair yer alan məlumatlardan gedir. Kütləvi informasiya vasitələri Türkiyənin bu problemi aradan qaldırması üçün güc tətbiqinin belə mümkün olduğunu yazırlar".
Açar sözlər:

