Hakimiyyətə təxribat versiyası ağlabatan deyil
Gülər Əhmədova və Əli Həsənov
"Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması sıradan hadisə deyil. Baxmayaraq, YAP Siyasi Şurasının üzvü, millət vəkili Gülər Əhmədova jurnalistə edilən sui-qəsdi adi cinayət hadisəsi adlandırıb. Və ardınca deyib: "Hər kəs bıçaqlana bilər. Bu, müəllimə, həkimə, jurnalistə də aiddir. Amma baş verən hər hansı bir cinayət faktı açıq qalmalı deyil".
Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə fərqli düşünür. Hadisəyə münasibət bildirən Ə.Həsənov jurnalistin bıçaqlanmasının hakimiyyətə qarşı təxribat olduğunu bəyan edib: "Hökumət mediaya qarşı istənilən aksiyanın, zorakılıq hallarının əleyhinədir. Bu hadisəni törədənlərin tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verilib".
Zeytun cəhənnəm meyvəsiymiş ki...
Hakimiyyətdə təmsil olunan digər şəxslər də Ə.Həsənovun dediklərini bir növ təkrar edib. Deməli, Gülər xanım yanılır. Hansı qəzetdə işləməsindən, mövqeyinin necə olmasından asılı olmayaraq, jurnalistə qarşı zorakılıq ağır, böyük, qeyri-adi və biabırçı hadisədir. Söz azadlığı fonunda Azərbaycanın beynəlxalq təşkilatların hədəfində olduğu ərəfədə bir qəzetin məcburən bağlanması belə, ölkənin imicinə zərbədir. Çox güman Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdirinin jurnalistə tuşlanan bıçağı "hakimiyyətə qarşı təxribat" hesab etməsi bu reallığın diqtəsindən yaranıb. Amma ortada başqa versiyalar da olmamış deyil. A.Xəlilin 6-cı mikrorayon ərazisində yerləşən "Zeytunluq" adlanan sahədə oranın sahibləri tərəfindən döyülməsinin ardınca bıçaqlanması "hakimiyyətə yönələn təxribat" ehtimalını arxa plana atır. Hakimiyyətə yönələn təxribat planı bir qədər tanınmış jurnalist üzərində həyata keçirilsəydi, təşkilatçılar daha uğurlu nəticə əldə edərdi. Belədə beynəlxalq təşkilatlar rəsmi Bakı ilə diqtə dilində danışardı ki, bu fakt prezident seçkisi ərəfəsində hakimiyyətə ciddi zərbə olardı. Təxribat versiyası həm də ona görə inandırıcı səslənmir ki, bu əməli törədəcək riskə malik qüvvə yoxdur. Hakimiyyətin daxilində tez-tez qarşıdurmalar olması ilə bağlı radikal müxalifət qəzetlərində yazılar dərc olunsa da, məhz, həmin yazıların sonu belə bitir: "Məmurlar hakimiyyətə təhlükə olanda birləşməyi bacarır". Jurnalistin bıçaqlanması bütövlükdə iqtidar üçün təxribatdırsa, deməli, ortada ciddi təhlükə var. Qruplaşma yaratdıqları iddia olunan oliqarx məmurlar belə, təhlükəsiz oyunu xoşlayır. Odla o vaxt oynamaq olar ki, o, sənin əlini yandırmasın. "Azadlıq"ın əməkdaşına qarşı zorakılıq bütövlükdə hakimiyyətin oda düşməsi deməkdir.
Kənardan iki qüvvə, ikisinin də qulpu qırıq qüvvə
Təxribatiın kənar, yəni iqtidara zidd siyasət yürüdən qüvvələr tərəfindən hazırlandığını düşünmək də məntiqsizlikdir. Birincisi, "iqtidara zidd siyasət yürüdən qüvvələr" dedikdə xaric nəzərdə tutulmamalıdır. Çünki elə bir nüfuzlu ölkə, yaxud təşkilat yoxdur ki, Azərbaycanın indiki hakimiyyətini dəstəkləməsin. Hətta müxalifət düşərgəsində bu faktoru nəzərə alıb, artıq indiki iqtidar komandasının növbəti prezident seçkisində qələbə qazanacağını yəqinləşdirənlərin sayı durmadan artır. Təxribatın müxalifət ideoloqlarının düşüncəsi olduğunu dilə gətirmək isə bekarçılıq əlamətidir. Çünki Azərbaycanda hakimiyyətə gəlmək istəyən müxalifət partiyası yoxdur. Bütün proseslər görüntüyə hesablanıb. Zaman-zaman müxalifət liderlərinin "ali məqsədimiz hakimiyyətə gəlmək deyil" deməsi də qənaətimizin doğru olduğunu sübut edir. Məqsədi hakimiyyətə gəlmək olmayan qüvvədən qələbəyə hesablanan çirkin siyasi üsül gözləmək absurddur. Dünyada təxribat hesabına hakimiyyətə yiyələnən qüvvələrin varlığı ilə bağlı xeyli nümunələr göstərmək olar.
Tanınmayan jurnalistdən qorxmazlar
A.Xəlilin bıçaqlanmasının səbəbini araşdıran zaman sifarişin hakimiyyətin yüksək eşalonundan gəlməsi fikri azacıq da olsa adamı məşğul edir. Bir neçə dəqiqədən sonra isə bu versiyanın havadan asılı olduğu aydınlaşır. O şəxs birbaşa hakimiyyəti idarə edənlərin sifarişinin qurbanı olur ki, təhlükəli fiqur sayılır. Məsələn, jurnalistdirsə, bir neçə yazısı ilə iqtidara qarşı narazılıq dalğasının böyüməsinə imkan açır. A.Xəlil jurnalistika ailəsinə təzə üzv olduğundan, hətta yazılarında xeyli üslub səhvləri etdiyindən, hələ yazmağı öyrəndiyindən onun barəsində "güclü jurnalistdir" demək yalnışdır. Sadəcə, iki harınlamış şəxs onu jurnalistika aləmində "populyar" etdi. Sonra daha dörd harınlamış şəxs hansısa harınlamış başqa şəxslərin sifarişi ilə onu bıçaqladı.
Torpaq yıxan evlər
Əlbəttə, hadisə öncədən hazırlanıb. Sadəcə, bu hazırlıqla nə hakimiyyətə təxribat məqsədi güdülüb, nə yüksək dairələrdən sifariş gəlib, nə də müxalifət aranı qarışdırıb. Beş-altı sot torpaq satıb varlanan alverçilər qarşılarına çıxan daşı təpiklə kənara tullamaq istəyib. Daş ağır olduğundan belə qərara gəliblər ki, əyilib onu yerdən götürsünlər və bacardıqları qədər uzağa atsınlar Elə bıçağın cəmi bir dəfə bədənə yeridilməsi daşın itirilmə məqsədindən yox, uzağa atılma məqsədindən xəbər verir.
Ad, soyad, şəkil və pul
Gülər Əhmədovadan üzr istəyib, bir daha yazırıq ki, jurnalistin bıçaqlanması sıradan hadisə deyil, jurnalisti bıçaqlayanlar və sifarişçilər sıradan olan şəxslərdir. Adları da məlumdur, soyadları da, hələ üstəlik şəkilləri də var. Hə, bir də pulları çoxdur. Ola bilsin bu fakt onların adlarının, soyadlarının və şəkillərinin üzərinə tünd rəngli qalın pərdə çəkib.
Açar sözlər:


