Elnarə deyir ki, duelə getməməklə Teymur Əmraha şans qazandırıb
Teymur Əmrah isə "Elnarə hələ uşaqdır" söyləyir
Emin Musəvi də "Elnarə daha məni maraqlandırmır" deyir
"Nömrə-1" yarışmasında Teymur Əmrahı duelə çağıran Elnarə son məqamda canlı yayıma gəlmək fikrindən vaz keçmişdi. Müğənni Elnarənin bu addımı heç də birmənalı qarşılanmadı. Xəbərsiz, heç bir aydınlıq gətirmədən canlı yayımda müsabiqənin şərtlərini pozmaq həm layihə təşkilatçılarını pis vəziyyətdə qoydu, həm də tamaşaçıların narahatlığına səbəb oldu.
Bir həftə ötməsinə baxmayaraq "Elnarə nədən həmin gün canlı yayıma gəlməkdən imtina etdi" sualına hələ ki cavab verilməmişdi. Ötən gün Elnarənin agentliklərdən birinə verdiyi cavab isə təbii ki, bu məsələni yenidən gündəmə gətirdi. Agentliyin yaydığı məlumata görə, guya Elnarə Teymur Əmraha yazığı gəldiyi üçün son məqamda verilişə gəlməkdən imtina edib. Məsələyə aydınlıq gətirilməsi üçün Elnarənin özü ilə əlaqə saxlamaq qərarına gəldik. Gənc müğənni "Şərq"ə eksklüziv açıqlamasında "İlk öncə onu qeyd edim ki, bu günə qədər olayla bağlı heç bir mətbuat orqanına, agentliyə məlumat verməmişəm. Ümumiyyətlə, bu barədə indiyə qədər heç kimin yanında fikir söyləməmişəm. Heç kimin, heç bir jurnalistin sualına cavab olaraq "Teymur Əmraha yazığım gəlir" fikrini işlətməmişəm. İlk olaraq "Şərq"ə açıqlayıram. Əvvəla, mən bundan artıq heç bir həmkarımla münasibətimin pozulmasını istəmədim. Layihə təşkilatçıları da bir həftə öncə mənim müsabiqədən uzaqlaşmaq istədiyimi bilirdilər. Bu barədə onlara məlumat vermişdim. Sadəcə, Nadir Qafarzadə və Eyyub Yaqubovdan fərqli olaraq birdən-birə layihədən yox olmaq istəmədim. Layihədən uzaqlaşmağıma səbəb isə tamamilə başqa bir amildir. Bu layihəyə dəvət olunanda müəyyən şərtlər məndən gizlədilmişdi. Konkret olaraq layihədə kimisə görmək istəmədiyimi bildirmək, onu vərəq üzərində yazıb duelə çağırmaq kimi şərtlərdən xəbərsiz idim. Hardasa bu layihə "Maşın-şou" və "Qəfəs"də olan bəzi şərtlərə bənzəyirdi. Bu da məni qane etmədi. Çox düşünüb-daşındım ki, hansı şəkildə layihədən uzaqlaşım ki, həm mənim canım qurtarsın, həm də davasız, sakitcə gedim. Birdən-birə getməyim verilişdə boşluq yaradacaqdı. Mən bunu istəmədim. Ona görə də kimisə duelə çağırmalı idim. Teymur Əmrahı seçməyimə səbəb isə o idi ki, fikrimcə, orada, canlı yayımda, tamaşaçı qarşısında iki saatdan artıq ifa etmək məhz ona qismət olmalı idi. Çünki Teymur Əmrahın sənətinə böyük hörmətim var və hesab etdim ki, Teymur Əmrahı çağırsam, iki saatdan artıq tamaşaçı qarşısında çıxış etməklə tamaşaçıya zövq verə bilər. Əslində mən Teymur Əmraha pislik etmədim. İmkan yarandı ki, o, iki saatdan artıq canlı yayımda konsert proqramı ilə çıxış etsin. Yəqin ki, Teymur Əmrahın indiyə qədər canlı yayımda iki saatdan artıq çıxışı olmamışdı. İnanmıram ki, bundan sonra da belə bir fürsət yenidən onun əlinə düşə bilər. Seçimin Teymur Əmrah üzərində qalmasının əsas səbəbi məhz bu idi. Mənim özüm də onun ifasını bəyəndiyimdən və sənətinə hörmət etdiyimdən həmin gün tamaşaçıların əsl sənət görməyini istədim" söylədi.
Məsələ ilə bağlı Teymur Əmrahla da əlaqə saxladıq. Elnarənin həmin gün onu dueldə tək qoymasına münasibətini öyrəndik. İnciyib-incimədiyini soruşduq. Teymur Əmrah "Əvvəla, onu deyim ki, mən Elnarədən inciməmişəm, onun sənətinə, şəxsiyyətinə hörmətim var. Bir də ki o, uşaqdır. Duelə gəlməməyini də pislik və ya hörmətsizlik kimi qəbul etməmişəm. Sizə hansı fikirləri söyləyibsə, o fikirlərə hörmətlə yanaşıram" bildirdi.
Təbii ki, layihənin aparıcısı və təşkilatçılarından biri olan Emin Musəvi ilə də əlaqə saxladıq. Emin Musəvi həmin gündən sonra Elnarə ilə əlaqə saxlamadığını bildirdi: "Sözün düzü, o sənətçi məni maraqlandırmır. O, ilk növbədə tamaşaçılara hörmətsizlik nümayiş etdirdi. Bundan artıq Elnarə barədə fikir söyləmək istəmirəm".
Açar sözlər:


