Reklam verin!
Yuma Ailə Jurnalı
BU SAYT 2MAY TARIXINDEN ETIBAREN ISLEMIR

SƏRDAR CƏLALOĞLU: "Boykota meyillilik, özünəinamsızlıqdan, daxili problemlərdən doğur"

ADP-nin prezidentliyə namizədi, partiyanın sədri Sərdar Cəlaloğlu artıq müxalifətin birlik imkanlarının tükəndiyi qənaətindədir. Onun fikrincə, hazırda bu düşərgənin bir araya gəlməsi üçün zəmin yoxdur. Müxalifətin əsas partiyalarının seçki strategiyaları tam fərqlidir. Bundan başqa, boykot yolu tutanlardan fərqli olaraq, prezident seçkisində iştirak qərarı verən partiyaların da mövqeyi eyni deyil. Bütün bu və digər səbəbləri sadalayan ADP sədri hesab edir ki, hazırda müxalifətdə birləşmək, blok yaratmaq əhval-ruhiyyəsi çox aşağıdır.

  - ADP-nin seçkiyə hazırlığı hansı mərhələdədir və seçki qərargahına kimi rəhbər təyin etmisiniz?

- Biz artıq seçki ilə bağlı müəyyən işləri həyata keçirmişik. Hazırda yerli seçki qərargahlarının formalaşdırılması işi gedir. Mərkəzi Seçki Qərargahının rəhbəri də seçilib. Eyni zamanda, seçki platformasının üzərində iş aparılır. Paralel olaraq mənim "kölgə kabineti"min formalaşması işi də davam edir. Bununla bağlı müəyyən şəxslərlə görüşlər keçirilir və müəyyən nəticələr də əldə olunub. Digər qüvvələrlə seçkidə birgə iştirak məsələsi ilə bağlı görüşlərimiz də olub. Bir sözlə, çalışırıq ki, seçki ilə bağlı bütün proseslərə başlayaq və bu işi sürətlə başa vuraq. Seçkiyə hazırlıqla bağlı gördüyümüz bütün işlərin ən kiçik detalları, seçki qərargahının rəhbərinin kim olması yalnız seçkiyə rəsmən start verildikdən sonra cəmiyyətə açıqlanacaq. Seçkilər rəsmən elan olunmayana qədər isə bu xarakterli məlumatların yayılması qeyri-qanuni seçki təbliğatına xidmət etdiyi üçün qanunu pozmaq istəmirik.

- Artıq müxalifətin seçkidə vahid mövqedən çıxış etməsi məsələsi bir növ arxa plana keçib. Bunun başlıca səbəbləri nə ilə bağlıdır?

- Bir sıra ölkələrdə müxalifətin birlikləri çox uğurlu alınıb. Bura Gürcüstanı, Polşanı, Ukraynanı aid etmək olar. Konkret olaraq Azərbaycana gəldikdə isə burada hakimiyyətin dəyişməsi üçün real zəmin yoxdur. Yəni bu zəmin olduqda müxalifətin birləşməsi çox asan başa gəlir. Nailiyyətsizlik sindromu yaşayan müxalifətin birləşib-birləşməməsindən asılı olmayaraq, nəticə eyni olacaq. Bu baxımdan birləşməyin özünün də əlavə problemlər doğuracağını nəzərə alan müxalifət birləşməməyə daha çox üstünlük verir. Məşhur bir ərəb atalar misalı var. Həmin misalda deyilir ki, ərəblər bir şeydə razılaşırlar ki, heç bir şeydə razılaşmasınlar. Ərəblərdə bunun yaranmasının yeganə səbəbi İsrailə qarşı mübarizənin effektsiz olmasıdır. Ona görə də ərəblər birləşməyə meyil göstərmir. Azərbaycan müxalifətinin birləşə bilməməsinin digər səbəbi isə seçkilərə münasibətinin müxtəlif olmasıdır. Hazırda "Azadlıq" bloku seçkiləri boykot etmək istəyir. Digər qüvvələr isə bu yolu qəbul etmir. Bir sıra qüvvələr isə seçkilərdə daha radikal yolun tutulmasını istəyirlər. ADP isə uzlaşmanın, dialoqun, konstruktivliyin tərəfdarıdır. Deməli, siyasi strategiyalar fərqli olunduğuna görə müxalifətin birləşməsi mümkün görünmür. Səbəblər sırasına liderlərin şəxsi ambisiyalarını, şəxsi hisslərini boğa bilməmələrini və s. bu kimi amilləri daxil etmək olar.

- Bu günlərdə Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası müxalifət partiyalarının rəhbərləri ilə bir araya gəlmək istiqamətində müəyyən danışıqlar aparıb. Nəticə olaraq bu partiyanın təmsilçiləri belə bir açıqlama verdilər ki, müxalifətin birləşməsinə mənəm-mənəmlik mane olur. Siz bu fikri bölüşürsünüzmü?

- Hesab edirəm ki, mənəm-mənəmlik siyasi liderin atributlarından biridir. O liderdə ki, mənəmlik yoxdur, o şəxs lider sayıla bilməz. İndiyə qədər müxalifətin birliklərinin yaranmasında əməyi olan bir adam kimi bildirirəm ki, milli maraqlar önə çıxanda müxalifətin birləşməsində heç bir problem olmur. Sadəcə olaraq, hər hansı siyasi şərtlər yetişmədən ideya verilirsə, bunu mənəm-mənəmliklə əlaqələndirməyin heç bir mənası yoxdur. Bundan başqa, hər bir partiya öz üzərinə missiya götürərkən ona gücünün çatıb-çatmayacağını ölçüb-biçməlidir. Bir də görürsən ki, kiçik bir partiya çox böyük missiya ilə çıxış edir. Amma məlum olur ki, həmin partiya kiçik bir toplantı keçirmək imkanında deyil. Sonra da çıxıb deyir ki, bu ideyanın dalınca heç kim gəlmədi, müxalifət satqındır, xəyanətkardır və s. Məsələ burasındadır ki, ciddi ideyaları ciddi qüvvələr təklif edəndə effekt alınır. Siyasətdə yeri, yolu olmayan, həmçinin intellektə, imicə malik olmayan siyasətçi bütün müxalifət liderlərini bir yerə yığmaq istəyəndə, əlbəttə ki, heç bir nəticə olmayacaq. Müxalifətin siyasi proseslərdə ciddi iştirak etməsi, dövlət və milli maraqlara həssas yanaşması bəzən nədənsə, müəyyən qüvvələrə tərəfindən mənəm-mənəmlik kimi başa düşülür.

- İddia edirsiniz ki, təklif ciddi siyasi qüvvələrdən gəldikdə effekt verir. Hər halda siz özünüzü qeyri-ciddi siyasi qüvvə saymırsınız. Elə isə niyə birlik təklifi ilə çıxış edib müxalifəti bir araya gətirmirsiniz?

- Bilirsininz, biz siyasi reallıqları nəzərə alıb başa düşürük ki, hər bir ideyanın həyata keçməsi üçün mütləq bir zəmin olmalıdır. Toxumu asfaltın üstünə səpib ondan məhsul gözləsək, məhsul biçə bilməyəcəyik. Toxumu münbit torpağa əkmək lazımdır ki, məhsul əldə edəsən. Biz görürük ki, hələlik münbit torpaq yoxdur. Elə isə niyə toxumu mənasız yerə səpməliyik? Müxalifətdə pis-yaxşı tanınan qüvvələrin yarısı deyir ki, seçkiləri boykot edək, yarısı isə deyir ki, seçkiyə gedək. Bu o deməkdir ki, artıq konkret bu məsələdə müxalifət bir yerdə deyil. Seçkiyə gedənlərin isə seçkiyə getmək qaydası, forması fərqlidir. Biz gərək görək ki, şərtlər var və həmin şərtlərə uyğun ideya verək. Bəzi qüvvələrin ideyaları ona görə ayaq tutub yerimir ki, onlar müəyyən şərtləri nəzərə almırlar. Elmdə buna sosial mühəndislik deyilir. Oturub beynində bir şey fikirləşir və deyir ki, mən bunu belə edəcəyəm. Hazırda müxalifətdə birləşmək, blok yaratmaq əhval-ruhiyyəsi çox aşağıdır.

- Hazırda müxalifətdən konkret olaraq siz və Müsavat başqanı İsa Qəmbər seçkidə iştirak edəcəyiniz barədə qərarlar vermisiniz. Niyə ADP ilə Müsavatın prosesdə birgə iştirakına cəhd və o qədər də maraq göstərmisiniz?

- Nəzərinizə çatdırım ki, mən öz namizədliyimi irəli sürməmişdən qabaq, türklər demiş, nəbz yoxlaması apardım. Seçkilərlə bağlı müəyyən yoldaşlarla görüşdüm. Baxmayaraq ki, Müsavat heç bir qüvvə ilə seçkidə birgə iştirak niyyətində olmadığını bəyan etmişdi. Bütün bunlardan sonra mən niyə kiminləsə bir araya gəlməyə cəhd göstərməliyəm? Müsavat yenə deyir ki, nə başqa bir namizədi dəstəkləyəcəklər, nə də başqa bir qüvvənin onların namizədini dəstəkləməsində maraqlıdırlar. Belə olan halda hər hansı addım atmağa lüzum qalmır. Açığı desək, yüngülsaqqallıq etməyin mənası yoxdur.

- Müxalifət olaraq sizin əsas rəqibiniz təbii ki, iqtidarın namizədi olacaq. Amma mövcud münasibətlər müxalifətdən olan digər namizədlərlə də mübarizə aparmaq məcburiyyətində olacağınızı ortaya qoyur. Bu baxımdan müxalifətin elektoratının səsinə nə dərəcədə ümid edirsiniz?

- Hesab edirəm ki, ADP-nin tutduğu yeni yol, hazırladığı seçki platforması lazım olan səsi toplamağa imkan verəcək. ADP bu yolu dəstəkləyənlərin dəstəyinə inanır. Biz başqa liderlərə elektoratın reaksiyasını da müəyyənləşdirmişik. Nəticədə bu fikrə gəlmişik ki, seçkidə iştirak edək. Bundan başqa, müxalifət bir-birinin elektoratına iddia etməməlidir. Mənim gücüm çatsa belə, sosial-demokratların, millətçilərin və başqalarının səsini almağa çalışmamalıyam. Təcrübə bunun nəticədə uğur vəd etmədiyini göstərib.

- Seçkiyə getməyən müxalifət liderləri seçkiyə qatılanları hakimiyyətlə separat danışıqlara getməkdə və s. bu kimi məsələlərdə ittiham edirlər. Bildirirlər ki, sizlər hansısa siyahıda yer almaq xatirinə seçkidə iştirak yolu tutmusunuz...

- Kimin faktı varsa, ortalığa qoysun. Başqalarından fərqli olaraq mən mövqeyimi açıq şəkildə bildirmişəm. Bəyan etmişəm ki, hakimiyyətlə dialoqa, uzlaşmaya hazıram. Müəyyən problemlərlə bağlı təkliflərimizi Prezidentin İcra Aparatına göndərmişik. Bu onu göstərir ki, biz separat danışıqlara getməmişik. Milli maraqların tələb etdiyi yerdə iqtidarla bir masa arxasında oturmağa hazırıq. Belə bir misal var: bərk gedəndə deyirlər bicdir, yavaş gedəndə isə deyirlər ki, gicdir. Eyni məntiqlə biz də deyə bilərik ki, seçkini boykot edənlər hakimiyyətlə separat danışıqlara gedirlər. Onlar siyasi meydanın boş qalmasını, hakimiyyətə ciddi alternativin olmamasını istədikləri üçün boykot yolu tutublar. Bu kimi ittihamların siyahısını genişləndirmək də olar. Biz boykot yolu ilə seçkidə iştirak məsələsini müqayisə etdikdə ikincinin daha doğru yol olduğunu görə bilərik. Dərk etmək lazımdır ki, Azərbaycanda seçkiləri total şəkildə boykot etmək mümkün deyil. İndi boykotdan danışan və seçkidə iştirak edənləri hakimiyyətlə separat danışıqlara getməkdə günahlandıran qüvvələr 2005-ci il parlament seçkilərində iştirak ediblər. Sual olunur, 2005-ci ildə mövcud olan ictimai-siyasi vəziyyətlə indiki vəziyyət arasında nə fərq var ki, seçkini boykot edirlər? Mənim fikrimcə, boykota meyillilik həm də özünəinamsızlıqdan, daxili problemlərdən doğur.


Bookmark and Share

Açar sözlər:

Yazar: carci | Tarix: Mart 16, 2008 22:59 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 55

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha