"Bizim ayağımız futbola yaramır"
Müsahibəyə yenicə başlamışdıq ki, Aqil Abbas yarızarafat, yarıciddi şəkildə qarşımızda şərt qoydu: "Mənə Aqil müəllim demə, ya Aqil Abbas de, ya da eləcə, müəllim".
Razılaşdıq. Və müasir Azərbaycan mətbuatının müəllimlərindən olan Aqil Abbasla onun istəyinə uyğun olaraq futboldan danışdıq.
- İlk sualım bir az bayağı səslənəcək: futbol sizin üçün nədi?
- Futbol həyatdı - elmdi, mədəniyyətdi, incəsənətdi, teatrdı. Mən futbola, əsasən də Türkiyənin, türk klublarının oyunlarına sakit baxa bilmirəm. Çox həyəcanlanıram. Açığın deyim, axır vaxtlar Türkiyənin oyunlarına baxmağa qorxuram da. Ürəyimə bir şey olacağından ehtiyatlanıram.
O gün - müsəlmanın o günü Türkiyə kimnənsə oynayırdı. Evdə baxırdım. Bu "moment" qonaq gəldi. Düzü, bir az hirsləndim. Heç futbol vaxtı da qonaq gedərlər. Nəysə. Uşaqlarım da oturub yanımda, futbola baxırıq. Türkiyə qol vuranda nətəhər sevindimsə, stolun üstünə çıxıb qışqırdım: "Qoool, qoool..." Gördüm, qonaq təəccüblə baxır. Dedim, maa niyə baxırsan, televizora bax ey, qol vurublar...
- Türkiyə dünya çempionatında üçüncü yeri tutanda da sevincdən həyəcanınızı gizlədə bilməmişdiniz: əlinizi maşının "lük"undan çıxarıb qardaş ölkənin bayrağını yelləyirdiniz.
- Hə. Onda da səfirə bir az hirslənmişdim. Camaat sevindiyindən yığılıb Türkiyə səfirliyinin qabağına, bu da oturub kabinetində. Bir çıxıb "sağ ol" da demirdi. Axırda getdim səfirliyin qapısına, orda da bir-iki polis dayanmışdı, onların yanında səfirin ünvanına dişimin dibindən çıxanı dedim. Ta bilmirəm, sonra nə baş verdi, səfir balkona çıxıb əlin yellədi.
- Türkiyə futbolundan çox danışdıq, gəlin özümüzə qayıdaq. Sizcə, Azərbaycan futbolu niyə irəli gedə bilmir?
- Əvvəla Azərbaycanda futbol var ki, qabağa da gedə? Mən dəfələrlə qəzetdə yazmışam, bizimkilər futbol oynamırlar, top-top oynayırlar. Bunlar ayrı-ayrı şeydi, dədə. Top-top bilirsən də nədi? Orta məktəbdə oxuyanda bədən tərbiyə müəllimi ortaya top atırdı, uşaq da başlayırdı 45 dəyqə topun dalınca qaçmağa. Bax, bizimkilərin də oynadığı top-topdu. Bu futbol deyil. Bayaq dedim axı, futbol elmdi, mədəniyyətdi, incəsənətdi, teatrdı. Gör nə qədər şey var futbolun içində. Bunlar hələ Azərbaycana gəlib çatmayıb. İndi-indi Azərbaycanda futbol yaratmaq istəyirlər, bu qədər pul buraxırlar. Pulu buraxdınsa, bu hələ o demək deyil ki, futbol mədəniyyəti yarada biləssən. Adamın pulu olanda onun mədəniyyəti olur? Durduğum yerdə, gətir maa pul ver, mən mədəniyyətli olajam, ya sənətim olajax? Mümkün deyil axı, dədə bu.
Azərbaycan futbolunun qabağa getməyi çox çətin olacaq və buna uzun illər lazımdır.
- Bəlkə bizim ümumiyyətlə, futbol oynamaq qabiliyyətimiz yoxdu?
- Bilirsən, bizim ayağımız futbola yaramır. Güləşməyi bajarırıq, dalaşmağı bajarırıq, amma futbolu oynaya bilmirikı.
Azərbaycanda futbol mədəniyyəti olsa da, 80-ci illərdə o mədəniyyət dağıldı. Həmin mədəniyyəti də sovet hökuməti bizi döyə-döyə, söyə-söyə, təpikləyə-təpikləyə yaratmışdı. Necə ki, bunu ədəbiyyatda və incəsənətdə etmişdi. İndi pul var, amma bizi döyən yoxdu. Ona görə də nə simfoniya, nə balet, nə sonata, nə də kontata yazan var.
- Siz iddia edirsiniz ki, bizimkiləri döyə-döyə futbolçu eləyiblər?
- Futbol olub də Azərbaycanda. 1965-ci ildə başladı, təxminən 78-ci ildə qurtardı. Bayaq dedim ki, futbol həm də mədəniyyətdi. Yəni dünyanın futbol mədəniyyəti bura gəlməli, bizimki də ora getməlidi. Baxın də, Almaniyaya, Fransaya. O ölkələrdə futbolçu çatışmır ki, onlar Braziliyadan, Argentinadan legioner gətirirlər? Yaxud əksinə. Yəni Braziliya Avropanın, Avropa isə Braziliyanın futbol mədəniyyətini öyrənmək istəyir və öyrənir.
- Azərbaycandakı legionerlər dediyiniz futbol mədəniyyətini bura gətirə biliblər?
- Mən Azərbaycan çempionatında xarici futbolçuların çıxış etməsinin əleyhinə deyiləm. Bu, adi bir şeydi. Amma bütün gücü kənardan gətirilənlərə bağlamaq doğru deyil. Nə bilim, hansısa zırrımaya zorla Azərbaycan vətəndaşlığını qəbul etdirib onu milli komandaya cəlb eləmək ayıb bir şeydi. Azərbaycan öz futbolunu yaratmalıdı. Eybi yox, üç il, beş il Avropaya getməyək. Amma gec də olsa, öz futbolumuzu yaradaq, sonra Avropaya çıxaq. Yəni biz yaxşı legionerlərdən, səviyyəli legionerlərdən əsl futbol mədəniyyəti götürməliyik. Amma saxta pasport verib onları milli komandaya cəlb eləməklə biz qabağa gedə bilməyəcəyik.
- Həm də bizim öz futbolçularımız Azərbaycanda oynayan legionerlərin bir çoxundan üstündülər.
- Guya onlar gəlib burda nağayrırlar ki? Əgər Adamiya ilə də 5:0 uduzuruqsa, daha ona nə ehtiyac var, elə özümüzünkülərlə uduzaq də. Əgər biz özümüz uduzmağı bacarırıqsa, daha niyə xaricdən futbolçu gətiririk. Bütün komandalar qara futbolçularla doludu. Hamısı göstərmək istəyir ki, mənim komandamda legioner var. Oynaya da bilmirlər ey! Belədirsə, ta qıraqdan niyə səviyyəsiz futbolçu gətirirsiniz? Bakıda restoranların qabağı doludu qaralarla, gətirin oynadın də.
- AFFA-nın fəaliyyətindən də narazısız?
- Mən AFFA-nın işindən heç vaxt razı olmamışam. Fuad Musayev futbolu bilirdi. Amma onun futbol yanğısı yoxuydu. Futbolu bilmək azdı, ona həm də ağlamaq və yanmaq lazımdı. Fuad Musayev kimdənsə inciyirdi, onun hayıfını futboldan, futbolçudan, klublardan çıxırdı. Hansı komandanın prezidentiylə arası yoxuydusa, tapşırırdı ki, həmin komandanı uduzdursunlar. Belə olmaz axı, qaqa. Sən kimnənsə küsülüsünsə, get, ya sən ona güllə vur, ya da o sənə, qurtarsın getsin.
Sonra Allah rəhmət eləsin, Ramiz Mirzəyev gəldi. Ramiz Mirzəyevi də AFFA-ya ona görə prezident seçmişdilər ki, onun pulu vardı. Ay dədə, başına dönüm, pula qalsa, Berezovskinin pulu hamıdan çoxdu, onu UEFA-nın sədri seçsinlər də. Ya da Bill Qeyts, Amerika Futbol Federasiyasının prezidenti olsun də. Əgər hər şey pulnan ölçülürdüsə, onda Platinini niyə UEFA prezidenti seçdilər?
- Sizin dediyinizdə həqiqət var. Amma gəlin Azərbaycan reallığını da nəzərə alaq. Deyək ki, indi AFFA prezidentliyinə İsgəndər Cavadovu gətirsələr, onda futbola kim pul buraxacaq?
- Pulu verən versin də. Röya oxuyur heləmi? Pulu verən sponsor oxumur ki, Röya oxuyur də. Yəni futbolu bilən adam olmalıdır AFFA-nın başında. Pulu buraxan da dursun qıraqda, futbolnan yansın, futbolnan yaşasın, işi həm də futbol olsun.
Bir misal çəkim, sənin özünün "Qarabağ" komandasıyla bağlı məlumatların var. Mən o komandanın prezidenti də olmuşam, fəxri prezidenti də. Biz o komandanı təhvil verdik "Azərsun"a. "Azərsun"un pulu var, amma "Qarabağ"ın oyunu yoxdu.
Bizim vaxtımızda, belə də yaz, əl açıb dilənirdik ki, futbolçunun çörək pulun verək, yatmaq pulun verək. Avropaya gedəndə bilet almağa pulumuz olmayıb, sonadək dirənmişik, bilet pulun yığıb Avropaya getmişik. İndi həmin o aj "Qarabağ" komandası ilə indiki tox "Qarabağ"ı müqayisə edin. Bizim vaxtımızdakı "Qarabağ" ən pis halda Avropada İntertoto kubokunda yarışıb. İndiki milyoner "Qarabağ" komandası isə Biləcəridən o tərəfə getməyib, gedə də bilməyəjək. Ömrü boyü gedə bilməyəjək.
- Niyə?
- Çünki pul futbol oynamır, qardaş. Dedim də, futbol yanmaqdı, ölməkdi, ağlamaqdı. "Qarabağ" komandası uduzanda o komandanın prezidenti ağlamır, o komandanın baş məşqçisi ağlamır, o komandaya futbolçu gətirən ağlamır, o legioner... ağlamır. Amma bizimkilər ağlıyırdılar.
Biz Çexiyada "Yablonets"lə oynayanda 5:0 uduzduq, oğlum da yanımdaydı. Üçüncü top vurulanda biz ağladıq. Görüm indi "Qarabağ" uduzanda o komandaya pul verənlər bir dəfə ağlayıb? Ağlamıyıb, dədə. Ona görə də o komanda ola bilməz. İndi "Qarabağ" komandası nətəhər oynayır, mən məəttəl qalıram.
- Deyəsən, "Qarabağ"dan çox incimisiniz, heç oyunlarına da getmirsiniz.
- Bəli, incimişəm və getmirəm. Çünki indiki "Qarabağ" Ağdamın deyil, "Azərsun"undu. Mən "Qarabağ" Ağdamın olanda o komandayla yaşamışam. Hələ arada "Qarabağ"ın qabağına da bir "Azərsun" qoşmuşdular. Sonra bilmirəm qəzetdə yazdıq, ya kimsə nəsə dedisə, o sözü ordan götürdülər. Qardaş, bizim komandamızın adın niyə batırıblar? Həsən Sarıyevdən, Nazim Abdullayevdən, Yunis İldırımzadədən, Adil Nadirovdan, mən Aqil Abbasdan sonra o komanda nəyə nail olubsa, göstərsinlər mənə. Desinlər ki, bir dəfə Azərbaycandan kənara gedib.
- Bir dəfə Avropaya getdilər, amma pis uduzdular.
- Onda da o komandanı bizdən almışdılar, köhnə "baqaj" hələ qılmışdı.
- Bəlkə günah sponsorda yox, məşqçidədir.
- Bilirsən, bizdə bütün klublarda "sostav"ı prezidentlər müəyyənləşdirir. Bir misal yadıma düşdü: mahnını pulu verən sifariş edir. Bizim futbolda da belədir. Məşqçi yazıq da, nağayrsın, ajından öləsi deyil ki, prezidentin "zakaz"ıynan işləyir.
- Siz özünüz "Qarabağ"ın prezidenti olanda belə "zakaz"lar vermisiniz?
- Yox. Əgər mən Aqil Abbas da bunu eləsəydim, daha o birilərindən nə fərqim olacaqdı?!
- Yeni "Qarabağ" komandası yaradacağınız barədə məlumatlar doğrudur?
- Bəli. Mən, Yunis İldırımzadə və Habil Qurbanov növbəti mövsümdə birinci dəstəyə özümüz "Qarabağ" komandası buraxacağıq. Özü də bu, elə bir komanda olacaq ki, kimə uduzsa da, indiki "Qarabağ"ı mütləq udacaq.
- "Qarabağ"dan savayı sizin başqa bir komandanız da vardı: "Ədalət" qəzetinin jurnalistlərin futbol çempionatında yarışan komandası. "Qarabağ"dan fərqli olaraq, "Ədalət" həmişə uduzurdu...
- Birincisi, bizimkilər futbol oynaya bilmirlər. İkincisi də, jurnalistlərin çempionatında "lipa"lar doluydu, professional futbolçuları qəzet komandalarına gətirmişdilər.
- Bir dəfə "Ədalət" qəzetinin oyunçusu topu öz qapısına vuranda meydana daxil olub onu qucaqlamışdınız.
- Deyim də necə oldu. 6:0 hesabıyla uduzurduq, oyunun axırlarında bizim Nicat avtoqol etdi. Mən də girdim "polyaya", Nicatı qucaqlayıb öpdüm. Dedim, kişi adamsan, öz qapımıza da olsa, axır ki, qol vurduq.
- Bir sual da verim söhbəti yekunlaşdıraq: Aqil Abbas, siz niyə futbol oynamırsınız?
- Mən uşaqlıqda yaxşı qapıçı dururdum, amma bir dostum vardı, o, məndən də yaxşı dayanırdı. Ona görə də həmişə "zapas"da qalırdım. Amma mən "zolotoy zapas" olmuşam.
Açar sözlər:


