Reklam verin!
BU SAYT 2MAY TARIXINDEN ETIBAREN ISLEMIR

"Mək­təb­li­lə­rin mo­bil te­le­fon­lar­dan is­ti­fa­də et­mə­si düz­gün de­yil"

Son vaxt­lar mək­təb­yaş­lı uşaq­lar ara­sın­da mo­bil te­le­fon­dan is­ti­fa­də küt­lə­vi hal alıb. Eks­pert­lər mə­sə­lə­nin mən­fi­lik­lər­lə mü­şa­hi­də olun­du­ğu qə­naə­tin­də­dir­lər. Mil­lət və­ki­li, Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin rek­to­ru, aka­de­mik Abel Mə­hər­rə­mov he­sab edəir ki, mək­təb­yaş­lı gənc­lə­rin mo­bil te­le­fon­lar­dan is­ti­fa­də et­mə­si düz­gün de­yil. Onun söz­lə­ri­nə gö­rə, bu yaş­da in­san­lar əsa­sən təh­sil­lə məş­ğul ol­ma­lı­dır­lar: "Əs­lin­də bu gün bir te­le­fon xəs­tə­li­yi var. He­sab edi­rəm ki, şa­gird­lər te­le­fon gö­tür­mə­mə­li­dir­lər. Açıq de­yim, bə­zən şa­gird­lər te­le­fon­lar­dan ri­ya­zi əmə­liy­yat­la­rın ye­ri­nə ye­ti­ril­mə­sin­də iş­ti­fa­də edir­lər, bu­nu yax­şı da ba­ca­rır­lar. Mo­bil te­le­fon­lar şa­gird­lə­ri bir növ bi­lik al­maq­dan uzaq­laş­dı­rır və on­la­rı baş­qa bir dün­ya­ya apa­rır. Bu­nun müs­bət cə­hə­ti odur ki, şa­gird­lər in­for­ma­si­ya kom­mu­ni­ka­si­ya xid­mət­lə­rin­dən is­ti­fa­də edir­lər, an­caq on­la­rın bi­lik al­ma­sı­na ma­ne olur. Ame­ri­ka təc­rü­bə­si də gös­tə­rir ki, uşaq­la­rın in­tel­lekt sə­viy­yə­si­ni in­ki­şaf et­di­rən mo­bil te­le­fon­lar baş­qa tə­rəf­dən mən­fi­lik­lə mü­şa­hi­də olu­nur. Ma­ğa­za­ya ge­dib nə­sə alan uşaq­lar vur­ma cəd­və­li­ni be­lə bil­mir­lər. Ona gö­rə də bu za­man te­le­fon­dan is­ti­fa­də edir­lər. Bu da tə­fək­kü­rün for­ma­laş­ma­sı­na mən­fi tə­sir gös­tə­rir. İn­di Ame­ri­ka­da mək­təbyaş­lı uşaq­lar ara­sın­da te­le­fon, he­sab­la­ma ma­şı­nı və kom­pü­ter­lə­rin yı­ğış­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir". De­pu­tat mo­bil te­le­fon­lar­dan bi­ri-bi­ri­nə qey­ri-etik is­ma­rıc gön­də­ril­mə­si­ni ən na­ra­ha­te­di­ci mə­qam ki­mi qiy­mət­lən­di­rir: "Bu, bə­şə­ri xəs­tə­lik­dir. Ça­lış­ma­lı­yıq ki, Azər­bay­can­da bu, ge­niş ya­yıl­ma­sın. Bu­ra­da əsas ro­lu va­li­deyn oy­na­yır. Çün­ki mək­təb­də uşaq­la­ra mo­bil te­le­fon ver­mir­lər, dərs ke­çir­lər. Ona gö­rə də prob­le­min həl­li­ni ai­lə və mək­tə­bin bir­li­yin­də gö­rü­rəm".


Açar sözlər:

Yazar: carci | Tarix: May 19, 2008 11:39 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 26

TQDK-nın 2 manatlıq ödəmə kartı 5 manata satılır

Xəbər verildiyi kimi, martın 31-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008/2009-cu tədris ili üçün Azərbaycan ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbuluna başlayıb. Komissiyanın saytının dünən yaydığı son məlumata görə, aprelin 4-də 3000 abituriyent internetlə "Elektron ərizə" doldurub. Bir gün əvvəlki məlumat isə 1400 idi.

Onu da bildirək ki, ötən günkü müşahidələrimiz zamanı sənəd qəbulunun ilk günlərindən fərqli olaraq dünən TQDK-nın saytı yaxşı işləyirdi. Yəni, ərizələrin qəbul olunduğu bölümə (www.tqdk.gov.az/ali2008) daxil olaraq "Elektron ərizə" doldurmaq əvvəlki günlərə nisbətən asan idi. Bununla belə, sənəd qəbulu ilə bağlı xoşagəlməz xəbərlər gəlməkdə davam edir. Belə ki, bir qrup abituriyent və valideynlərin qəzetimizə verdiyi məlumata görə, paytaxtdakı rayon poçt şöbələrində TQDK-nın 2 manatlıq ödəmə kartı 5 manata və daha baha satılır. Düzdür, ötən gün söhbətləşdiyimiz valideynlərdən biri ödəmə kartını dövlət qiymətinə - 2 manata (Abşeron rayon poçt şöbəsindən) aldığını dedi. Lakin əksər abituriyentlər ödəmə kartlarını 5 manata aldığını bildirir. Ödəmə kartının 5 manata satıldığı ünvanlardan biri Binəqədi rayonundakı poçt şöbəsidir. "Çudo-Peçka" ilə üzbə-üz yerləşən həmin poçt şöbəsinə yollanıb "ödəmə kartının qiyməti neçəyədir?" sualını verdik. Lakin şöbədən bildirdilər ki, "ödəmə kartı qurtarıb, sabah olacaq".

Maraqlıdır ki, kartı baha qiymətə alan abituriyent və valideynlər də poçt şöbələrinə ilk girişdə "kart qurtarıb, sabah olacaq" cavabını aldıqlarını bildirirdi: "Lakin sonradan oradakı şəxslərdən biri deyir ki, istəsəniz sizə öz kartımı sata bilərəm". Bundan sonra isə "qoçaq" poçt işçisi ödəmə kartını əlacsız qalan valideynə satır. Bakıda ödəmə kartları ilə bağlı bu cür oyunlar quraraq onu baha qiymətə satdıqlarını göz önünə gətirəndə bölgələrdəki vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil.

Yeni qazanc mənbəyi

TQDK sədri Məleykə Abbaszadə bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında bildirmişdi ki, təxminən 100 min nəfər abituriyentin sənəd verəcəyi gözlənilir. Heç olmasa 80 min ödəniş kartının 5 manata (böləgələrdə qiymət daha baha ola bilər) satılacağını nəzərə alsaq, kartın öz satış qiymətindən əlavə 240 min manat "gəlir"in olacağını güman etmək olar. Bəs bu 240 min manat hara, daha doğrusu kimə çatacaq? Bu sualların cavabını axtarmaq üçün əlaqədar hökumət qurumlarına, o cümlədən TQDK-ya telefon açsaq da, səylərimiz nəticəsiz qaldı. TQDK ictimaiyyətlə əlaqələr sektorunun 440-30-09 saylı telefonu gün ərzində zənglərə cavab vermədi. Belə ki, nömrə faksa qoşulmuşdu. Nəzərə alsaq ki, bu telefon nömrəsi "Abituriyent" jurnalının bütün aylarında abituriyentlər və onların valideynlərinin zəng vuraraq sual verməsi üçün nəzərdə tutulub, onda vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu görmək o qədər də çətin deyil. Məsələ burasındadır ki, əksər hallarda sözügedən telefon nömrəsi məşğul olur. Bu isə yüzlərlə valideyn və abituriyentin TQDK-ya sual ünvanlamasına imkan vermir.

TQDK ölkədə bəlkə də ən şəffaf qurumdur. Qurumun sədri isə keçirdiyi mətbuat konfranslarında mövqeyindən asılı olmayaraq bütün KİV-ləri dəvət edir. Lakin bunların fonunda TQDK-nın ictimaiyyətlə əlaqələr sektorunun faktiki işləməməsi çox təəssüfləndiricidir. Axı bu şöbə ictimaiyyətin və ictimaiyyətin tərkib hissəsi olan mətbuatın suallarını cavablanlırmağa borcludur. Bəlkə dövlətdən maaş alaraq TQDK-nın inzibati binasına dincəlməyə gedirlər?

Yeri gəlmişkən, ötən gün ödəniş kartları ilə bağlı suallarımız olduğunu TQDK-nın e-mailinə də yazdıq, lakin heç bir cavab verilmədi. TQDK-dakı aidiyyatı şəxslərin nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda "İnformasiya əldə etmək haqqında" qanun mövcuddur. Həmin qanuna görə informasiya sahibləri qanunvericiliklə qorunması nəzərdə tutulmayan informasiyaları ictimaiyyətə (təbii ki, həm də mətbuata) verməyə borcludur. Əks halda qarşı tərəf (indiki halda biz) məhkəməyə müraciət edə bilər. Bir müddət əvvəl jurnalistlərdən birinin sözügedən qurumu məhkəmədə udduğunu nəzərə alanda, TQDK-nın növbəti dəfə məhkəmədə uduzmaq "şans"ının çox olduğu görünür.

Sənəd qəbulu proseduru qəlizləşdirilib

İndi isə bir daha TQDK-nın yeni qəbul qaydalarına qayıdaq. Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu ölkənin bütün təbəqələrini, bütövlükdə cəmiyyəti əhatə edən bir prosesdir. Hər il Azərbaycanda elə adam tapılmaz ki, onun ailəsindən, ən azı qohumlarından biri sənəd verməsin. Belə bir məsələni - sənəd qəbulu prosedurunu qəlizləşdirərək indiki səviyyəyə çatdıran TQDK başbilənləri əhaliyə nə qədər zərbə vurduğunu deyəsən anlamırlar. Ya da anlayırlar, ancaq nəzərə almırlar ki, bu ölkədə (xüsusən də bölgələrdə) abituriyentlərin böyük əksəriyyəti kompüterdə işləməyi bilmir, o ki, ola "Elektron ərizə" doldursun. Təhsil Nazirliyinin milyonlarla dollar pul xərclədiyi deyilən İKT proqramları isə gözlənilən effektin heç 50 faizini də verməyib. Ölkənin demək olar ki, bütün bölgələrində (xüsusən də kənd yerlərində) sutkanın yarısı qədər elektrik enerjisi verilmir. Özü də işıqlar əsasən axşam və səhər saatlarında yanır. Məktəblərdə isə dərslər gündüz vaxtları keçilir. Rayonlarda şagird evdən çıxanda, uzaqbaşı məktəbə çatanda işıqlar sönmüş olur. İşığı yanmayan məktəblərdə uşaqlar İKT biliklərinə nə dərəcədə yiyələnə bilərlər? Hətta işıq yansa da belə, orta məktəblərdə şagirdlərə İKT biliklərini öyrədəcək müəllimlərin sayı yetərincə deyil. Təhsil Nazirliyinin orta məktəblərə payladığı kompüterlərin keyfiyyətini də bunun üzərinə gəlsək onda görərik ki, sıravi Azərbaycan məktəblisinin İKT bilikləri hansı səviyyədədir.Bir sözlə, abituriyentlər "Elektron ərizə" verməyə hazır deyil. Bəs onda TQDK niyə sənəd qəbulunu internetlə aparır və bir neçə mərhələdən ibarət edib? Hələ qəbulun bu formada keçiriləcəyi xəbəri ilk dəfə yayılanda qəzetimizə bu barədə şərh verən ekspertlər bildirirdi ki, bu, TQDK sədrinin qabaqlayıcı addımıdır. Yəni, heç də Məleykə Abbaszadənin özünün son olaraq dediyi "bu, Azərbaycanda "Elektron hökumət"in qurulması üçün ilk addımlardan biridir" kimi deyil". Söhbət ondan gedir ki, hələ parlament müzakirəsində olan "Təhsil haqqında" qanun layihəsindən ali məktəblərə tələbə yerləşdirilməsinin TQDK-dan alınaraq ali məktəb rektorlarına veriləcəyi gözlənilir. Düzdür, "Xalq Cəbhəsi" olaraq dəfələrlə yazmışıq ki, bu, qətiyyən düzgün deyil. Bu, korrupsiyaya geniş yol açan bir addım olardı. Bəlkə də sənədlərin "Elektron ərizə" şəklində qəbul edilməsinin bizim bilmədiyimiz tərəfləri də var. Lakin hazırda görünən odur ki, abituriyentlər bundan əziyyət çəkir.

"Bilmirəm ki, elektron ərizəni necə doldurum?"

Yazını çapa hazırlayarkən "Azadlıq" radiosunun saytında bu mövzu ilə bağlı yazı gördük. Yazıda qeyd olunur ki, sənədlərin elektron variantda qəbulu problemlər yaradıb. Yazıda xatırladılır ki, elektron ərizələrin doldurulmasından qabaq abituriyentlər 2 manat verib ödəniş kartı almalıdır. Həmin kartda yazılmış kod abituriyentin elektron ərizəni əldə edə bilməsi üçün bir növ açardır. Amma hər şey əslində deyildiyi qədər də sadə deyil. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısına toplaşan bir qrup valideyn və şagird gah ödəniş kartlarının baha satılmasından, gah da internetdən istifadə edə bilmədiklərindən şikayətlənirdilər. Bu, ayrı-ayrı abituriyentlərin fikirləridir:

- Sinif yoldaşlarımın 20 faizi internetdən istifadə edə bilir. Mən indiyə kimi məktəbdə internetin qabağında oturmamışam, 11-ci sinif şagirdiyəm. Müəllim deyir ki, internet qoşulmayıb, usta gəlib düzəldəcək. Heç müəllimin özü də bilmir, mən ondan yaxşı bilirəm.

- Kartın üstündə 2 manat yazılsa da, çox vaxt 3 manata satılır.

- Bakıda internetin sürəti çox aşağıdır, həm də çox adam saytlara girir deyə yüklənmə var. Günorta mümkün deyil, ona görə də gecə saat 2-3-də girirəm.

- Bilmirəm ki, elektron ərizəni necə doldurum.

Radionun TQDK-nın binası qarşısında söhbətləşdiyi adamlar deyiblər ki, regionlarda internetin sürəti daha da aşağıdır.

TQDK-nın nümayəndəsi Elnur Nağızadə isə deyib ki, "Elektron ərizə" qaydası əskinə, abituriyentlərin işini rahatlaşdırıb. Onun sözlərinə görə, eyni zamanda şagirdlər üçün telekommunikasiya qovşaqlarında, poçtlarda da şərait yaradılıb ki, onlar internetdən pulsuz istifadə edə bilsinlər.

TQDK-nın qarşısında duran bir yaşlı qadınınsa şikayəti internetdən yox, həftənin sonuna sınaq imtahanı üçün aldığı kartın saxta çıxması ilə bağlı olub: "Evdə kompüterimiz var, kartı yüklədik, məlum oldu ki, artıq istifadə edilib. Camaatın milyonu yoxdur ki, hər dəqiqə 6 manat verib kart alsın". TQDK-nın şöbə müdiri Arzu Bağırov isə saxta və ya istifadə edilmiş kartların satılmasını birmənalı şəkildə qəbul etmir: "Elə şey ola bilməz, bu məsələ ilə bağlı bizə yaxınlaşıb müraciət etsinlər, araşdıraq". İnternetin sürətinə gəlincə, TQDK rəsmisi bunun ötəri olduğunu, 1-2 dəqiqə çəkdiyini, regionlarda isə belə bu problemin yaşanmadığını deyib...


Açar sözlər:

Yazar: carci | Tarix: Aprel 4, 2008 10:39 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 147

Ömər Qoçulu: "İşıqlandırma dirəyinin on metr hündürlüyündə sarmaşığın qoyulması nə deməkdir?

Son günlər mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyəti ciddi şəkildə müzakirə olunur, iradlar geniş formada qəzet, internet səhifələrində özünə yer alır. Gah BŞİH-nin üstündə asılan bayrağın cırılaraq dövlətçiliyimizə yaraşmayan hərəkətlərdən, gah küçələrdə yerləşən işıq dirəklərinin üst təbəqəsinə qoyulan dibçəklərdən və onların suvarılmasının qeyri-mümkünlüyündən, gah da merin səlahiyyətlərinin azaldılmasından bəhs olunur.

Bir sözlə merin və BŞİH-nin fəaliyyəti hazırda gündəmə girən əsas məsələlərdən biridir. Vaxtilə Bakı şəhərinin baş memarı olmuş, Azərbaycanın əməkdar memarı Ömər Qoçulu ilə də son günlər gündəmə gələn məsələləri aydınlaşdırmağa çalışacağıq. Ömər Qoçulunun sözlərinə görə, Bakı bu gün inkişaf etsə də, problemlər də onunla birgə böyüyür. "Bakının taleyi, memarlıq görkəmi, gələcək inkişaf perspektivləri ilə həmişə məşğul olmuş bir insan kimi deyə bilərəm ki, baş şəhərimizin həm gözəlliyi, həm memarlıq görkəmi, həm də qayğıları bu gün məni düşündürür. Şəhərin hər hansı guşəsində abadlıq işləri, hansısa yeni istifadəyə verilən bulaq, yaşıllıq görəndə mən sevinirəm. Amma görülən tədbirlərin kortəbii olması, peşəkarcasına aparılmaması məni təəssüfləndirir. Şəhərimizin "Bakı-2005" adlı baş planı var idi. O baş plan uzun müzakirələrdən, gərgin axtarışlardan sonra ərsəyə gəlmişdi. Həmin planda şəhərin gələcək memarlıq üsulu, problemləri və başqa perspektivləri göstərilmişdi. Mən deyərdim ki, baş plan şəhərin ana yasasıdır. Həmin anayasa, yəni baş plan gələcəyə ismarlanan bir plan olaraq gələcəkdə ortaya çıxa biləcək problemləri önləmək üçün lazım olan sənəd idi. Nə yazıq ki, həmin sənədə bu gün tam etimadsızlıq görürəm. Təəssüflər olsun ki, həmin sənəd bu gün unudulub, bir kənara atılıb. Biz Bakı şəhərində ucalan göydələnlərin sayı ilə əlbəttə ki, sevinməliyik. Amma onu deməliyəm ki, hər şey sistemli, düşünülmüş olarsa, problemlərin qarşısını daha tez almaq olar. Bu gün şəhərin ən böyük problemlərindən biri kanalizasiya problemidir. 20-30 il bundan qabaq biz Bakının böyük kanalizasiya sistemini tikdik. Amma son illərdə gündən-günə ucalan çoxmərtəbəli göydələnlərin kanalizasiya problemləri getdikcə çoxalır. Kanalizasiya tələbatı bu günü ödəmir. Məsələ bina tikməyə icazə verməklə bitmir, onun sonrasını düşünmək lazımdır. Qışda qar yağanda Bakı iflic vəziyyətinə düşdü. Meriya bir-iki küçəni təmizləməklə işini bitmiş hesab etdi, qalan küçələrdə isə sanki həyat dayandı. Bakı şəhərində bu gün yaşıllıqlar salınır, yeni yollar açılır, yeni körpülər tikilir. Bununla şəhərimiz günü-gündən memarlıq palitrasını daha da zənginləşdirir. Şəhərin yaşıllığı onun ciyərləridir. Şəhərdə yeni ağacların əkilməsi kampaniyası aparıldı. Amma gəlin görək əkilən həmin ağacları sonradan qorudularmı? Dünən əkilən fidanlar bu gün gül açırmı və ya torpağa sancılan ağaclar sonra yaşayırmı? Əlbəttə ki, qayğısızlıq nəticəsində onlar məhv olur. Bir vaxtlar şəhərimizin şəninə uyğun olaraq "Bakı gecələri" adı altında şeirlər yazılırdı, filmlər çəkilirdi. Bu gün həmin gecələrdən əsər-əlamət qalmayıb. Düzdür, şəhərin gecə işıqlandırılması istiqamətində son vaxtlar ciddi işlər görülür. Memarlığın "memarlıq və işıq" adlı qolu da var. Amma gəlin görək ki, gecə işıqlandırılması sistemli aparılırmı? Yaxud bu işə memarlar cəlb olunurmu? Hansı ki, memarlar bu işdən kənarda qalmamalıdır və şəhərin baş planına uyğun olaraq işıqlandırma aparılmalıdır. Mən tam məsuliyyətimlə deyirəm ki, Bakı şəhərinə rəhbərlik edən və bu böyüklükdə təsərrüfatın başında duran şəxs mütləq ya incəsənət adamı, ya memar, ya da şəhərsalan olmalıdır. Adi bir misal çəkim ki, işıqlandırma dirəyinin on metr hündürlüyündə sarmaşığın qoyulması ilə, harda gəldi fəvvarə qoyulmaqla, hər hansı parkda gül-çiçək əkməklə Bakı şəhərinin nə memarlığı, nə ümumi görünüşü, nə də illərdən bəli dillərdə gəzən yaraşığı öz mövqeyində otura bilməz". Ömər Qoçulunun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti vacib olan tədbirləri bəzən necə gəldi edir və bununla da şəhərin baş planına, onun keçmişinə, gələcəyinə, bir sözlə memarlığına zərbə vurur.


Açar sözlər:

Yazar: carci | Tarix: Aprel 4, 2008 10:24 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 38

Asim Mollazadə siyasi məhbuslar üzrə məruzəçi təyin olunacağına inanmır

"Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana siyasi məhbus məsələləri üzrə məruzəçi təyin etməyəcək". Müxalifətdə təmsil olunan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sabiq üzvü, millət vəkili Asim Mollazadə bu fikirdədir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına ölkə daxilində üzləşdikləri haqsızlıqların aradan qaldırılması məqsədi ilə hüquqi müstəvidə mübarizə aparmaq üçün gözəl imkan yaradılıb. Hər bir vətəndaş ölkədəki məhkəmə instansiyalarını keçdikdən sonra hüquqlarının müdafiəsi üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququna malikdir.

Bu baxımdan, özlərini siyasi məhbus hesab edən vətəndaşlar da AŞ PA-ya yox, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidirlər. A.Mollazadənin fikrincə, AŞ PA Azərbaycanda siyasi məhbus məsələsinə baxarkən bu məqamı mütləq nəzərə alacaq. Onun sözlərinə görə, bu məsələdə Azərbaycanın xeyrinə olan məqamlardan biri də hakimiyyət təmsilçilərindən və hüquq müdafiəçilərindən ibarət müvafiq işçi qrupunun yaradılmasıdır. Bu qrup çərçivəsində insan hüquqlarının pozulması ilə bağlı meydana çıxan problemlər hakimiyyət nümayəndələrinin iştirakı ilə araşdırılır və onların həllinə yardım edilir. İşçi qrupunda hər bir konkret halla bağlı iş aparılır, faktlar dəqiqləşdirilir. A.Mollazadə hesab edir ki, bu sahədə meydana çıxan problemlərin həlli üçün sözügedən işçi qrupu bundan sonra da fəaliyyətini aktiv şəkildə davam etdirməlidir. Onun sözlərinə görə, ölkədə meydana çıxan hər hansı problemin Avropa Şurasından göndəriləcək məruzəçi ilə həll edilməsinə çalışmaq düzgün yol deyil. "Azərbaycanın problemi Azərbaycanda həll olunmalıdır. Mən Avropa Şurasına islah əmək müəssisəsi, hansısa cəzalandırıcı orqan kimi baxılmasının tərəfdarı deyiləm" - deyə millət vəkili vurğuladı.

O əlavə etdi ki, Avropa Şurasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Buna görə də rəsmi Bakı həmişə bu təşkilatla əməkdaşlığa xüsusi önəm verib. Hazırda da Azərbaycan-Avropa Şurası əməkdaşlığı davam edir. Millət vəkilinin fikrincə, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bir neçə prinsipial istiqamətdə inkişafa nail ola bilib: "Hesab edirəm ki, bundan sonra da bu proses davam edəcək. Avropa Şurası ilə əməkdaşlıq etməklə biz yalnız inkişafa nail ola bilərik". Bütün bunları nəzər alan A.Mollazadə hesab edir ki, AŞ PA-da Azərbaycanla bağlı keçiriləcək müzakirələrdə hər hansı gərginlik yaşanmayacaq və təşkilat hansısa sərt qərarlar qəbul etməyəcək.

DİP sədri əmindir ki, son vaxtlar Azərbaycanda yurnalistlərlə bağlı yaşanan problemlər də AŞ PA-da ciddi problem yaratmayacaq. Onun sözlərinə görə, söz və mətbuat azadlığı Avropanın xüsusi önəm verdiyi prinsiplərdəndir. Amma rəsmi Bakı da daim ölkədə söz azadlığının təmin edilməsi üçün davamlı iş aparır. Bu istiqamətdə Avropa Şurası ilə də əməkdaşlıq edilir. Millət vəkili əmindir ki, Azərbaycan hökuməti gələcəkdə də öz fəaliyyətini bu prinsip üzərində quracaq.

DİP sədri qarşıdan gələn prezident seçkiləri ərəfəsində bəzi xarici qüvvələrin Azərbaycana təzyiqləri artıracağını da istisna etmir. Onun sözlərinə görə, Azərbaycanın müstəqil dövlət kimi Avroatlantik məkana inteqrasiya yolu seçməsi müəyyən qüvvələr tərəfindən qısqanclıqla qarşılanıb. Buna görə də onlar imkan düşən kimi Azərbaycana problem yaratmağa çalışacaqlar. Eyni zamanda, Ermənistanın təbliğat maşını da daim Azərbaycana qarşı iş aparmaqdadır. Ermənilər bütün vasitələrdən istifadə etməklə Azərbaycanın beynəlxalq aləmdəki imicinə ləkə vurmağa çalışırlar. A.Mollazadə bütün bu təzyiqlərin dəf ediləcəyinə əmindir. Onun sözlərinə görə, artıq Azərbaycan kifayət qədər güclüdür. Bundan əlavə, ölkənin ciddi müttəfiqləri və tərəfdaşları da var. "Buna görə də xarici qüvvələrin Azərbaycana qarşı təzyiqlərinin hansısa nəticə verəcəyinə inanmıram" - deyə millət vəkili vurğuladı. Onun fikrincə, Azərbaycanda keçiriləcək prezident seçkiləri də heç bir gərginlik müşahidə olunmadan başa çatacaq. Son seçkilərdən sonra Gürcüstanda və Ermənistanda baş verən proseslərin Azərbaycanda təkrarlanması istisna edilir. Çünki Cənubi Qafqazdakı ölkələrin özünəməxsus reallıqları və özəllikləri var. Millət vəkilinin fikrincə, Azərbaycandakı vəziyyət heç bir halda Ermənistandakı və Gürcüstandakı vəziyyətlə müqayisə oluna bilməz. Azərbaycan bir çox məsələdə qonşularını xeyli qabaqlayıb.


Açar sözlər:

Yazar: carci | Tarix: Aprel 4, 2008 10:13 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 38

"Sədrliyi öz üzərinə götürən şəxsin partiyanı irəliyə aparacağına əmin olmalıyam"

Ana Vətən Partiyasının (AVP) növbəti qurultayı iyun ayının əvvəlində keçiriləcək. Bu barədə partiyanın sədri, millət vəkili Fəzail Ağamalı məlumat verdi. Onun sözlərinə görə, artıq qurultaya hazırlıqla bağlı keçirilən hesabat-seçki konfransları Bakı şəhəri üzrə başa çatıb. Martın 26-dan partiyanın bölgələrdə yerləşən təşkilatlarının konfransları başlayıb. F.Ağamalı qeyd etdi ki, iyunun birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulan qurultayda partiyada struktur dəyişikliklərinin aparılması gözlənilmir. Partiyanın Nizamnaməsinə də hər hansı dəyişiklik planlaşdırılmır.

Qurultayda bir sıra təşkilati məsələlərə baxılacaq. F.Ağamalı bildirdi ki, hazırda partiyanın bir neçə sədr müavini postu boşdur. Qurultaydan sonra həmin postlara təyinatlar nəzərdə tutulur. Uzun illərdir AVP-yə sədrlik edən F.Ağamalı postundan getmək niyyətində olmadığını bildirdi. Onun sözlərinə görə, istənilən an partiya sədrliyindən getməyə, estafeti yeni nəslin nümayəndəsinə verməyə hazırdır. Amma bu addımı kiməsə yaxşı görünmək üçün və mediada gedən fikirlərə görə atmayacaq: "Bu addım o zaman atılacaq ki, məndən sonra partiyanın sədrliyini öz üzərinə götürən şəxsin AVP-ni daha irəliyə aparacağına əmin olum. Hesab edirəm ki, bu, mümkündür. Amma yayda keçirəcəyimiz qurultayda belə bir dəyişiklik baş verməyəcək. Mən özümdən sonra gələn sədrə tam əmin olmalıyam. Tam səmimi deyirəm ki, bu əminlik yaranandan sonra partiya sədrliyindən getməkdə problem görmürəm".

F.Ağamalı müavini, millət vəkili Zahid Orucun AVP-yə sədrlik etmək niyyətində olmadığını da bildirdi: "Söhbət mənim Zahid Oruca inamımdan getmir. O özü partiyaya sədrlik etmək təşəbbüsüylə çıxış etməlidir. Bundan əlavə, partiyanın eltasında özünü lider kimi təsdiqləməlidir. Hələlik isə Zahid Orucda belə bir istək görünmür. Bu istək görünmürsə, deməli, nə Zahid Oruc, nə də partiyanın elitasında təmsil olunan digər şəxslər partiya sədri səlahiyyətlərini öz üzərlərinə götürmək istəmirlər. Gələcəkdə onlardan hər hansı biri partiya sədri olmala bağlı fikrini ifadə etsə, bu təşəbbüs ciddi şəkildə müzakirə olunacaq".

F.Ağamalı partiyanın qurultayında payızda keçiriləcək prezident seçkiləri ilə bağlı qərarların qəbul olunacağını da bildirdi. Onun sözlərinə görə, ilk növbədə partiyanın prezident seçkilərindəki namizədinin adı açıqlanacaq. "Artıq indidən 2003-cü ildə olduğu kimi, bu il də namizədimizin prezident İlham Əliyev olacağını deyə bilərəm" - deyə partiya sədri vurğuladı.

AVP sədri iqtidaryönlü partiyaların hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsinin zəruriliyi ilə bağlı təşəbbüslərə də münasibət bildirdi. Onun sözlərinə görə, bu müzakirələr mətbuatda çoxdandır davam edir. "Zamanı gələndə AVP YAP-la birləşə bilər. Amma bunun üçün zərurət olmalıdır. Hazırda da partiyaların gündəmində belə bir məsələ yoxdur" - deyə F.Ağamalı vurğuladı. O əmindir ki, bütün iqtidaryönlü partiyalar prezident seçkiləri kampaniyasında İlham Əliyevin namizədliyini müdafiə edəcəklər: "Mən əminəm ki, İlham Əliyevin namizədliyini irəli sürən siyasi qüvvələr, o cümlədən iqtidaryönlü partiyalar onun yenidən prezident seçilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər. Qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin qalib gələcəyinə əminəm".


Açar sözlər:

Yazar: carci | Tarix: Aprel 3, 2008 12:47 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 33

Qabaqki yazılar

  Yazılar cəmi: 71    Sonrakı səhifə »